Rauf Sadıxov: “Atamın ətrafında olan insanlara dünyanı yaradanlar deyirəm. Bu insanlar dövlətə, xalqa sadiq olmaqla, böyük ideyalarla yaşayan insanlar idilər”

Azərbaycan səhiyyəsində əvəzsiz xidmətləri olan İzzət Sadıxov onu tanıyanaların da qəlbində özünə möhkəm yer alıb. O, Sumqayıtda səhiyyənin quruculuğunda həm cərrah-həkim və həm də Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi kimi 50 ildən artıq bir dövrdə böyük işlər görüb.

Bu gün İzzət həkimin yolunu onun oğlu Rauf Sadıxov böyük uğurla davam etdirir. Belə qərara gəldim ki, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıxovla keçmiş illərə qayıdaq və bu insanları yada salaq.

- Rauf həkim, İzzət Sadıxovun oğlu olmaq, sizin çiyninizdə şərəfli bir yük deyilmi?

- İzzət həkimin oğlu olmaq həm şərəflidi və həm də böyük cavabdehli işdi. Çünki o, həm tələbkar idi və həm də hər bir insana qayğı və diqqətlə yanaşmağı bacarırdı. Övladlarını Vətənə, xalqa layiq böyütmək də onun ən böyük ali məqsədlərindən biriydi. Onun məqsədi təkcə o deyildi ki, biz dərslərimizi yaxşı oxuyaq. O, həm də bizə təbiəti, mədəniyyəti sevdirməyi, insanlara qayğı ilə yanaşmağı çox müdrikcəsinə öyrədirdi. Daha doğrusu hər məsələ haqqında elə maraqlı fikirlər yürüdür və danışırdı ki, biz ona qulaq asdıqca çox məsələləri əxz edirdik. O, bizi tez-tez keçmiş Sovetlər Birliyinin ən böyük şəhərlərinə gəzməyə aparırdı və orada məşhur mədəniyyət, incəsənət muzeylərində özümüzü necə aparmağa qədər hər şeyi bizə incəliyinə qədər başa salırdı. İzzət həkim məşhur ovçu idi. Bizi də tez-tez ova aparırdı. Amma onun məqsədi hökmən ov vurmaq yox, təbiəti, quşları, heyvanları bizə sevdirmək idi. Təbiətdən həzz almağı, təbiətin qoynunda dincəlməyi bizə öyrədirdi. Yol boyu elə maraqlı, tərbiyəvi məsələlər, rəvayətlər, tarixi hadisələr danışrdı ki, adam onun bu danışıqlarından doymurdu. O, təkcə tibb sahəsini yox, həm də bütün sahələr üzrə həmişə mütaliə etdiyinə görə həddindən artıq savadlı idi və çox şeyi mükəmməl bilirdi. İstənilən an o, həm siyasətçi, həm tarixçi, ədəbiyyatçı və hətta idmançı ilə çox asanlıqla dil tapır və onlarla maraqlı fikir mübadiləsinə girirdi.

- Siz orta məktəbi Sumqayıtda bitiribsiniz?

- Bəli. Mən Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbdə təhsil almışam. Sonra Moskvada Piraqov adına ikinci Dövlət Tibb İnstitutuna daxil olmuşam. İkinci kursdan Azərbaycana qayıtdım və Dövlər Tibb İnstitutunda təhsilimi davam etdirdim. Tələbə vaxtından burada işləyirəm. Axşamlar tibb işçisi kimi burada növbələrdə olurdum. Ali məktəbi bitirəndən sonra da təyinatımı bu xəstəxanaya aldım. 1992-cü ilə qədər burada cərrah həkim işlədim. Sonra da Qarabağ müharibəsində iştirak etdim. Müharibə veteranıyam.

- Deməli, siz Qarabağ müharibəsinin iştirakçısısınız?

- Bəli. Elə 1992-ci ildən cəbhə bölgəsində ən qaynar yerlərdə olmuşam. Xacalı hadisəsi İzzət həkimə çox pis təsir etmişdi. Ümumiyyətlə Qarabağ hadisələri başlayan ilk gündən İzzət Sadıxov tez-tez cəbhə bölgələrində olurdu. O, əslən Laçın rayonundandır. Uşaqlığı, yeniyetməlik illəri bu rayonda keçib. Ona görə də həmin vaxtı Qarabağın bütün bölgələrinə silah-sursat göndərilməsində İzzət həkim çox yaxından iştirak edirdi. Tez-tez Sumqayıtın və respublikanın tanınmış ağsaqqalları ilə cəbhə gölgələrinə gedirdi və döyüşən əsgərlərə bir ağsaqqal kimi nəsihətlər, məsləhətlər verirdi. Özü çox yaxşı ovçu olduğuna görə silahla necə davranmağı da onlara öyrədirdi. Həm də Sumqayıtdakı zavod direktorları atamın yaxın dostları olduğuna görə onların köməkliyi ilə Qarabağ bölgəsində kiçik zavodlar, fabriklər açılmasına nail olmuşdu. Və orada yaşayan insanlar işlə təmin olunmuşdular ki, doğma torpaqları qoyub gəlməsinlər.

Mən də atamın Xocalı hadisələrindən sonra necə sarsıntılar keçirdiyini gördüyüm üçün belə qərara gəldim ki, könüllü cəbhə bölgəsinə gedim. Ağdam bölgəsində oldum. Ağdam mənfur qonşularımız tərəfindən işğal olunandan sonra yenidən Sumqayıta qayıtdım. Həmin vaxtı Sumqayıt şəhərindəki 2 nömrəli Xəstəxana tikilirdi və ora baş həkim mərhum İbrahim Səfərovu təyin etmişdilər. İbrahim həkim məni dəvət etdi ki, gəl burada şöbə müdiri ol. Atamla məsləhətləşdim. O da dedi ki, “əgər işləyə biləcəksənsə get. Yox, işləyə bilməyəcəksənsə gedib nə özünü biabır elə, nə də məni”. Oturub fikirləşdim. Belə qərara gəldim ki, gedib işləyim. İbrahim Səfərov məni cərrahiyyə şöbəsinin müdiri qoydu. Bir az işləyəndən sonra İbrahim həkim dedi ki, səni baş həkimin müavini təyin eləyirəm. Yenə də gəldim atamın yanına ki, onunla məsləhətləşim. Yenə də dedi ki, “ bu çox çətin işdir. Özün fikirləş işləyə biləcəksən ya yox”. Razılaşıb baş həkimin müavini oldum. 1997-ci ildə atam xəstə idi. Sumqayıt Səhiyyə Şöbəsinin müdiri məni çağırdı ki, “İzzət həkim xəstə olduğuna görə işdən çıxmaq istəyir. İstəyirik ki, səni Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi təyin edək”. Açığı mən heç vaxt vəzifəyə can atmamışam. Bəlkə də iş bacarığıma görə cavan yaşlarımdan məni vəzifəyə təyin ediblər. 1997-ci ilin fevral ayının 13-də bu xəstəxanaya baş həkim əmrim verildi. Atam da mənə bir ağsaqqal və təcrübəli insan kimi öz məsləhətlərini verirdi. 1997-ci ildə o, dünyasını dəyişdi. 2005-ci ilə kimi mən burada baş həkim işlədim. Sonra məni Səhiyyə Nazirliyinə dəvət etdilər. Cənab Oqtay Şirəliyev mənimlə bir neçə saat söhbət etdi və sonda dedi ki, “səni Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri təyin etdirik”. 2011-ci ilə qədər də bu vəzifədə işlədim. Sonra öz ərizəmlə işdən çıxıb, Biləcəri Poliklinikasının baş həkimi işlədim. 2015-cı ilin sentyabr ayında Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunandan sonra məni yenidən elə həmin ilin oktyabr ayının 1-dən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsinə təyin etdirdi.

- İzzət həkimlə və onun ətrafında olan insanlarla bağlı sizin çoxlu xatirələriniz var. Bu xatirələr oxucular üçün də maraqlı olar.

- Mən, atamın ətrafında olan insanlara həmişə dünyanı yaradanlar deyirəm. Bu insanlar dövlətə, xalqa sadiq olmaqla, böyük ideyalarla yaşayan insanlar idilər. Onlar böyük auralı ideyalarla yaşayan, insanlara əllərindən gələn köməkliklər etməkdən məmnunluq duyan şəxsiyyətlər idilər. Bu insanlar internasional idilər. Azərbaycanlı, rus, qazax, özbək, ukrayn, latış və başqa millətlərdən olan bu insanları bir ideya birləşdirirdi. İnsanların sağlamlığı keşiyində layiqincə dayanmaq, xalqların inkişafına və dostluğuna kömək etmək. Hətta xarici ölkələrdən gələn həmin insanları rəhmətlik atam evə dəvət edirdi. Evdə onlar üçün lazım olan yüksək səviyyəli süfrə açırdı. Bilirsiniz ki, hər adamı evə dəvət etmirlər. Çünki ev müqəddəs bir yerdir. Deməli, onlar arasında elə böyük dostluq, qardaşlıq, yaxşı münasibət vardı ki, onları atam evə dəvət edirdi. Bunların arasında təkcə keçmiş İttifaq səviyyəsində yox, hətta çoxlu xarici ölkələrdə belə tanınan alimlər, böyük mütəxəssislər vardı. Bu insanların maraqlı söhbətinə qulaq asmaqdan biz doymurduq. Yaxşı mənada xoşallanırdıq. Onların maraqlı, müdrik söhbətləri bizim üçün həqiqətən bir universitet idi. Belə müdrik ağsaqqalların özlərinə və insanlara qarşı münasibətini mən bu gün də yada saldıqda heyran oluram ki, doğrudan da bu şəxsiyyətlər həqiqətən dünyanı yaradanlar idilər. Onların leksikonunda bir “ayıbdır” sözü vardı və bu sözü ilk öncə özlərinə deyirdilər ki, “ayıbdır bunu eləmək olmaz”. Yəni hər məsələyə qarşı onlarda böyük cavabdehlik vardı. Axı insan, təkcə özü üçün yaşamır. Əgər o, cəmiyyətdə yaşayırsa, deməli, hamıya təmənnasız köməklik etməlidi. Bunu da özünün ali məqsədi bilməlidi. Bax, biz belə tərbiyə almışıq. Ona görə də bizim xəstəxanaya kim müraciət edirsə, başda mən özüm olmaqaqla bütün həkimlərimiz, tibb işçilərimiz əlimizdən gələni edirdik ki, bu insanlar bizdən razı qalsınlar. Bu işin də təməlini İzzət həkim və vaxtı ilə onun ətrafında olan yüksək səviyyəli mütəxəssislər qoyublar. Biz də onların yolunu davam etdirməyə çalışırıq. İnsan ilk öncə özünə tələbkar olmalıdır. Kənardan kimsə onu məcbur etməklə heç nə olmaz. Böyük Vətən Müharibəsi vaxtı komandir vardı ki, əmr edirdi: “İrəli”! Amma özü yerə uzanıb əsgərləri qabağa göndərirdi. Həmin əsgərlərin də çoxu komandirə baxıb, irəli getmək istəmirdilər. Lakin komandir də vardı ki, özü irəli gedirdi və bütün əsgərlər də bunu görüb, onun ardınca gedirdilər. İzzət həkimdə də insanları ardınca aparmaq kimi gözəl xüsusiyyət, bacarıq vardı. O, öz hərəkətləri ilə həmişə insanlara nümunə olmağı bacarırdı. Ümumiyyətlə həyatda yazılan və yazılmayan qanunlar var. Onların hamısına riayət etmək lazımdır. Atamın bir yaxşı sözü vardı. Biz və ya başqaları səhv hərəkət edəndə deyirdi: “Nə oldu? Sizinki odur ki, məndən keçdi qardaşıma dəydi?” Onun çox maraqlı bir fikri də vardı. Deyirdi: “İnsanın gərək həyatda böyük ideyaları, məqsədləri olmalıdır və onlara doğru səbrlə, dözümlə gedib, onları reallaşdırmalıdır. Məqsədi və ideyası olmayan insan, şüursuz bir heyvan kimidir”.

- Sizin Təcili Tibbi Yardım Xəstəxanası Sumqayıtın döyünən ürəyidir. Baş həkim kimi bu xəstəxana və burada çalışan insanlar haqqında nə deyə bilərsiniz?

- Bu xəstəxananın sütununu təvazökarlıqdan uzaq olsa da atam qoyub. O, 40 il burada baş həkim işləyib. Bu xəstəxana təkcə Sumqayıtın yox regionun döyünən ürəyi və gözünü dikdiyi müqəddəs bir yerdir. Bu bölgədə və yolarda baş verən hadisələrdə xəstələri buzim xəstəxanaya gətirirlər. Hətta Şamaxı və Cənub bölgəsində baş verən hadisələr zamanı da çox vaxt xəstələri məhz bizim xəstəxanaya gətirirlər. Çünki bizim xəstəxanada işləyənlər uzun illərdir ki, formalaşmış yüksək peşəkar kadrlardır. Bura sözün həqiqi mənasında bir məktəbdir. Bir universitetdir. Biz də vaxtı ilə bura cavan mütəxəssislər kimi gəlmişik və burada böyük trəcrübə keçmişik. Özü də təkcə həkim olmağı yox, əsl insan olmağı da bizə burada öyrədiblər. Xəstəyə sənin ən əziz insanın olmağı və ona elə də yanaşmağı bizə burada təlqin ediblər. Doğrudur axır vaxtlar münasibətlər bir qədər dəyişib. Həkimlərə qarşı bir qədər kobudluq olur. Amma insan başa düşməlidir ki, həkim heç vaxt xəstənin pis olmasını istəməz. Çünki hər bir xəstə kiminsə atası, anası, övladıdır. Bizim kollektivdə də insanlara maksimal dərəcədə yaxşı, diqqətlə yanaşmaq var. Təkcə həkimi yox, hər bir mütəxəssisi hazırlamaq üçün böyük illər lazımdır. Əlbəttə, böyük mütəxəssis də olmaq olar, amma ən əsası odur ki, gərək böyük insan olasan. Böyük Nizami Gəncəvi də deyib ki, “ Kamil bir palançı olsada insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Yer kürrəsində heyvan da, insan da canlıdır. Amma insanı heyvandan fərqləndirən onun şüuru və ağlıdır. Vay o gündən ki, onun ağlı, şüuru yerində olmaya. Bax bu gün dünyada baş verən müharibələr də şüuru, ağlı yerində olmayan adamların ucbatından, onların mənəm-mənəmliyindən baş verir. Biz, nəyin bahasına olursa-olsun yer kürrəsini belə adamlardan qorumalıyıq. Yoxsa daha dəhşətli hadisələr baş verə bilər...

- Bayaq dediniz ki, Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunandan sonra sizin yenidən Sumqayıta qayıtmağınıza rəvac verib. İstərdim ki, bir ziyalı kimi Zakir Fərəcovun az bir vaxtda Sumqayıtda gördüyü nəhəng işlər haqqında öz ürək sözlərinizi deyəsiniz.

-İnsanın danışmağı ilə, deməyi ilə heç nə əldə olunmur. Ona görə gərək hər şeyi faktla göstərəsən. Zakir Fərəcov Sumqayıta gələndən bu şəhər tam başqa şəhərə dönüb. Zakir müəllimin bu şəhərə rəhbərlik etməsi ilə elə bil ki, qaranlıq otağa girəndə işığı yandıranda gözəl bir mənzərə yaranan kimi bir mənzərə yaranıb. Doğrudan da Sumqayıtın girişindən başlayaraq, Heydər Əliyev parkındakı muzey, Musiqi məktəbi, Şahmat məktəbi və bunların tacı olan dəniz sahilindəki bulvar böyük bir intibah deməkdir. Sumqayıtlıların heç yuxusuna da girə bilməzdi ki, dəniz sahilindəki həmin boşluqda, şəhərin tullantılarının yığıldığı, çirkab sularının ifunət verdiyin bir yer belə möhtəşəm, yaraşıqlı bulvara dönə bilər. Buna görə gərək insanın nə qədər böyük fəxəyyülü, düşüncəsi olmalıdır ki, belə çirkabda gözəllik yarada biləsən. Bu, yalnız axırıncı 17 ildə şəhərə rəhbərlik edənlərin içərisində məhz Zakir müəllimin beyninin məhsulu ola bilərdi və oldu da. Özü də qısa bir müddətdə. Cəmi 8-9 aya. Cənab Prezident Sumqayıta gələndə, həmin dənizkənarı parkı möcüzə adlandırdı. Mən də bu şəhərdə böyümüşəm. Artıq ömrümün 50 ilini də bu şəhərdə yaşayıram. Həqiqətən də bu möcüzədir. Cənab prezident İlham Əliyev şəhəri gəzəndən sonra, dənizkənarı parkda olandan sonra Heydər Əliyev Mərkəzinə girəndə onun üzündə böyük məmnunluq, sevic ifadəsi görünürdü. Mən, insan psixalogiyası ilə məşğul olan bir həkim kimi həmin ifadəni aydın görürdüm. Həqiqətən bu böyük bir möcüzə görmüş insanın təbəssümü idi. Cənab prezidentin oradakı çıxışı və sumqayıtlılar haqqında dediyi sözlər hamımızın ürəyinə yağ kimi yayıldı. Əlbəttə, Zakir Fərəcov bütün bunları adi, boş-boş danışığı ilə yox, öz işi ilə göstərdi və sübut elədi ki, Sumqayıtda həqiqətən böyük işlər görmək olar. Bütün dünyada böyük krizis getdiyi bir vaxtında Sumqayıtda belə böyük işlər görmək elə özü də böyük möcüzədir. Zakir müəllim deyir ki, bu hələ işlərin başlanğıcıdır. Hələ böyük işlər qarşıdadır. Bunlar əlbəttə, ulu öndər Heydər Əliyevin qoyub getdiyi müdrik, uzaqgörən siyasətin davamıdır ki, bu gün cənab Prezidentimizin rəhbərliyi ilə onun komandası uğurla davam etdirir. Azərbaycanın demək olar ki, bütün regionlarında belə uğurlu işlər gedir. Qoy Ulu Tanrı bizim Prezidentimizi qorusun. Bütün əmin-amanlıq da onun sayəsindədir. Ətrafımıza baxın. Görün dünyada necə dəhşətli hadisələr baş verir. Yer kürrəsi Üçüncü Dünya Müharibəsi ərəfəsindədir. Böyük krizis, səfalət, xəstəlik ölkələri cənginə alıb. Amma Azərbaycan müharibə şəraitində olsa da insanların güzəranı günü-gündən yaxşılaşır. Məgər buna sevinmək olmazmı?

Axı bu elə özü Azərbaycanın günü-gündən inkişafından, insanlarımızın rifah halının yaxşılaşmasından xəbər verir.

P. S. Bu yaxınlarda Sumqayıtda keçirilən böyük toplantıda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov belə bir təklif irəli sürüb: “ Azərbaycan və Sumqayıt şəhər səhiyyəsinin inkişafında əvəzsiz xidmətlərinə görə İzzət Sadıxovun yaşadığı binaya onun barelyefi vurulsun və Sumqayıt küçələrindən birinə onun adı verilsin”. Bu, həqiqətən alqışa layiqdir.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

loading...