Naxçıvan: səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir

Naxçıvanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Sertifikasiya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikanın Səhiyyə Nazirliyinin Əsasnaməsinə edilmiş əlavə və dəyişikliklər haqqında fərmanına uyğun olaraq həyata keçirilir. Məqsəd əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılmasından ibarətdir.

İyulun 24-dən start götürən sertifikasiya imtahanlarının növbəti mərhələsində orta tibb işçiləri üç gün ərzində bilik və bacarıqlarını sınayıblar.

İmtahanlarda 53 orta tibb işçisi iştirak edib. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 27 orta tibb işçisi sertifikasiyadan keçərək, 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 26 nəfər isə zəruri həddi keçə bilməyib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

Qeyd edək ki, muxtar respublikanın Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən suallar tərtib edilərək kompüterə yerləşdirilib. Test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə təqdim olunub, eyni zamanda, yazılı olmaqla müsahibə mərhələsinin də sualları paylanılıb. Cavablandırma qaydaları izah edilib. Məxfiliyin gözlənilməsi məqsədilə sual kartlarında imtahan verənin kod nömrəsi əksini tapıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalında üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. İmtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə