Avropa Birliyi Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə dəstək verir

Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa Birliyinin bu sahədə mövcud qanunvericilik sistemi ilə uyğunlaşdırılması məqsədilə Avropa Birliyi tərəfindən Tvinninq layihəsinə start verilib.Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, həyata keçiriləcək layihəyə əsasən, iki il ərzində Avropa ölkələrinin müvafiq istiqamət üzrə böyük təcrübəyə malik mütəxəssis və ekspertləri Avropanın qabaqcıl təcrübəsinə əsaslanaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək verəcəklər.

Layihə çərçivəsində Agentliyin institusional imkanlarının artırılmasına, hüquqi bazanın möhkəmləndirilməsinə, icbari tibbi sığortanın maliyyə alətlərinin formalaşdırılmasına, tibbi xidmətlərin satınalınmasına, baza zərfinin strukturuna və əhatə dairəsinə, tariflərin hesablanmasına, habelə informasiya texnologiyaları sisteminin düzgün qurulmasına dair ixtisaslaşmış ekspert məsləhət və rəylərinin verilməsi planlaşdırılır.

Bu layihə icbari tibbi sığortanın tətbiqində və islahatların aparılmasında böyük rol oynayacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə