Bu regionlarda yaşayanların çoxu böyrək xəstəliyindən əziyyət çəkir

“Azərbaycanda xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin 31 faizini şəkərli diabet xəstələri təşkil edir”. SİA-nın xəbərinə görə, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev bu gün keçirilən mətbuat konfransında deyib.

Hemodializin böyük vəsait tələb etdiyini şöbə müdiri söyləyib ki, bir xəstənin illik müalicə xərci dövlətə 13-15 min manata başa gəlir.

F. Babayev qeyd edib ki, "Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün " Xroniki Böyrək Çatışmazlığı" Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib: " 2017-ci ildə isə regionlarda Zərdab və Masallıda yeni hemodializ mərkəzi, Sumqayıt şəhərində isə 15 aparartlıq ikinci hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulub. Bakıda yaşayan hemodializ xəstələrinin sayının artmasına baxmayaraq, bu ilin iyul ayında 3 saylı Şəhər Xəstəxanasında əlavə 12 aparat istifadəyə verilib. Bu görülən işlərin nəticəsidir ki, hazırda ölkəmizdə hemodializ xəstələri növbə gözləmir. Bir aparat 6 xəstəyə xidmət göstərə bilir. Bütün dializ mərkəzləri 3 növbədə fəaliyyət göstərir. Dünyada yalnız 75 faiz hemodializ xəstələrinin müalicəsi dövlət tərəfindən qarşılansa da, bizdə 100 faizdir”.

Şöbə müdiri söyləyib ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr daha çox cənub və qərb regionlarındandır: "Cənub regionundakı rayonlar dəniz kənarında yerləşdiyindən orada rütubət daha çox olur, nəticədə insanlar soyuqdəymə ilə xəstələnirlər. Qərb regionunda isə əhali kütləsi çox olduğundan, xroniki böyrək çatışmazlığı xəstəliyi yaranır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə