Bölgələrdə səyyar müayinələr keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 12-15 iyul tarixlərində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan məcburi köçkünlərin pulsuz olaraq ilkin göz müayinəsi, müayinə nəticələrinə görə laborator yoxlaması və əməliyyat proseduru həyata keçiriləcək. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə,

Vətəndaşların müayinə, laborator yoxlaması və əməliyyatları Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti tərəfindən aparılacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə bölgələrdən səhiyyə ilə bağlı müxtəlif problemlərin, o cümlədən müxtəlif xəstəliklərin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olur. Onların təhlili nəticəsində RİİB mütəmadi olaraq regionlarda səhiyyə ilə bağlı müxtəlif sosial layihələr, pulsuz tibbi müayinələr təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə