Nazim Qasımov: "Çox təəssüf ki, gənc həkimlər..."

"Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən Azərbaycanda həkimlərin bilik və bacarıqlarını müasir təbabətin tələblərinə, beynəlxalq səviyyəyə çatdırmaq üçün davamlı tibbi təhsil haqqında pilot layihənin icrası nəzərdə tutulur. Pilot layihə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 5 kafedrasında tətbiq olunacaq və kardiologiya, nevrologiya, mikrobiologiya, epidemiologiya və otolorinqologiya sahəsində çalışan həkimləri əhatə edəcək". SİA-nın xəbərinə görə, bunu institutun rektoru Nazim Qasımov deyib.

Həkimlik sahəsiin çox mürəkkəb, digər peşələrdən fərqli olduğunu deyən rektor bildirib ki, ali tibbi təhsil alandan sonra həkim peşə fəaliyyətinin axırına kimi biliyini, bacarığını, təhsilini artırmalıdır: "Həkimin davamlı təhsili onun fərdi inkişafına böyük təkan verir. Əvvəlki qaydalara görə hər bir həkim ildə 1 dəfə 5 il müddətində təkmilləşmə kurslarında iştirak etdikdən sonra sertifikasiyaya buraxılırdı və nəticədən asılı olaraq peşə fəaliyyəti ilə məşğul olurdu. İndi tətbiq edilən qaydalara əsasən, həkim davamlı tibbi təhsil 5 il müddətində 240 saat – nisbi vahid ölçü olan krediti toplamalıdır. Bunun nəticəsində onlar 5 ildə bir dəfə yox, hər gün davamlı olaraq öz peşə inkişafı üzərində işləyir. Sistem imkan yaradır ki, həkim öz professionallığı, bacarığını daim, fasilə yaranmadan artıraraq, təkmilləşdirərək xəstələrə yüksək səviyyədə tibbi yardım göstərsin. Bu sistemin əsasında 3 əsas amil dayanır ki, bunlar həkimlərin bilik-bacarıq, vərdiş və kompetensiyasının artırılmasıdır”.

N. Qadımov qeyd edib ki, davamlı tibbi təhsili müxtəlif yollarla əldə etmək mümkündür: "Bunlardan biri distant təhsildir ki, məsafədən bu yenilikləri əldə etmək mümkündür. Əvvəllər bölgələrdə işləyən həkimlər 3-4 aylıq təşkil edilən kurslara gəlmək məcburiyyətində olurdu. Lakin distant təhsil zamanı buna ehtiyacı yoxdur. Həkim öz iş yerində fəaliyyət göstərir, azad olduğu sərbəst vaxtını təkmilləşməsinə sərf edir. Həkim təhsilini audio-video materiallar, master-klaslar, simulyasiya mərkəzləri vasitəsilə də artıra bilər. Simulyasiya mərkəzlərində həkimlər praktik vərdişlər əldə edirlər. Çox təəssüf ki, gənc həkimlər praktik vərdişləri xəstə üzərində əldə etmirlər. Amma simulyasiya mərkəzlərində elektron və digər xüsusi trenajorlarla praktik vərdişlər əldə etmək olar”.

"Hər bir həkim krediti toplamaq üçün akkreditasiya olunmuş beynəlxalq tədbirlərdə iştirak etmək hüququna malikdir. Həkimlərin kredit toplaması üçün institut və ya dövlət tərəfindən təşkil olunan kurslarda, tədbirlərdə iştirakı ödənişsizdir. Lakin beynəlxalq təcrübədə həkimlərin beynəlxalq konqres və seminarlarda iştirakı üçün qeydiyyat rüsumu nəzərdə tutulur. Belə bir tədbirdə həkimlərin iştirakı nəzərdə tutulursa, onlar həmin tədbirin qeydiyyat rüsumunu ödəməlidir. Azərbaycanda fəaliyyət göstərən bütün həkimlərə davamlı tibbi təhsilin tətbiq olunması hələlik mümkün deyil. İlkin olaraq 5 ixtisas üzrə tətbiq olunacaq. Digər ixtisaslarda bu sistemə keçid mümkün deyil. Bütün ixtisaslar üzrə həkimlərin bu tədbirlərdə iştirakı növbəti təqvim illərində nəzərdə tutula bilər” -deyə, rektor əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə