Cavid Hacıyevin qatili haradadır? FOTOLAR

Qatil Əli Abdullayevin əmisi Rüstəm Abdullayev onu təslim olmağa çağırdı

Məlum olduğu kimi, 23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev bir neçə gün əvvəl Kiyevdə öz həmyerlimiz tərəfindən dəhşətli şəkildə qətlə yetirilib. SİA xəbər verir ki, Kiyev şəhər prokurorluğundan verilən məlumatda qatil təxminən 23 yaşlı Azərbaycan vətəndaşıdır və o, mərhum gəncin tanışı olub. Lakin buna baxmayaraq, qatilin Ukraynadan qaçmağa imkan tapdığı da qeyd olunur.

Qeyd edək ki, amansız qətl hadisəsi ilə bağlı Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov açıqlamasında bildirib ki, qətllə bağlı bir neçə gün öncə məlumatlı olub.

“Bununla əlaqədar həm yerli hüquq-mühafizə orqanları, həm də Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq. Ukraynadakı Azərbaycan diasporu olaraq gənc soydaşımızın qətli bizi üzdü”, deyə diaspora rəhbəri bildirib.

Fəryad edən ana: “Cavid işıqlı, kifayət qədər erudisiyalı və intellektli insan olması ilə yanaşı, həm də həyatı sevən, ətrafına, cəmiyyətə daim yararlı olmağı arzulayan bir insan kimi xatirələrdə qalıb”

Xatırladaq ki, Cavid Hacıyevin anası, Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyeva tanınmış jurnalist Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan “Səni axtarıram” verlişinə qatılaraq hadisə ilə bağlı fikirlərini bölüşüb və tez bir zamanda qatilin tapılaraq, qanun qarşısına çıxarılmasını istəyib. O, ölkə rəhbərliyinə, müvafiq güc strukturlarının rəhbərliklərinə müraciətində onu da qeyd edib ki, Cavid öz ölkəsinə, xalqına yararlı bir insan kimi yetişirdi və o, qarşısına bir sıra çətin məqsədlər qoyaraq, bütün bacarıq və potensialını məhz həmin perspektivlərə yönəldirdi.

M.Hacıyeva açıqlamasında qatil olduğu iddia edilən Əli Abdullayev adlı azərbaycanlı gənc barədə də məlumatlar verərək deyib ki, Cavidlə Əli tələbə vaxtlarından dost olublar: “Cavidlə Əli İqtisad Universitetinə daxil olanda tanış olublar. Eyni qrupda oxuyublar. Ancaq Əli müntəzəm olaraq dərsə gəlmədiyinə görə onu univetsitetdən xaric ediblər. Təəssüf ki, o, universitetdən qovulsa da Cavidlə onun arasında dostluq əlaqəsi qaldı. Cavid isə çox nümunəvi tələbə idi. Universitetin 2-ci kursundan başlayaraq SABAH qruplarında ingilis dilində təhsil alıb. İndi oturub fikirləşirəm ki, Cavid bu yaşda nə boyda hörmətə sahib olub! Halbuki, 22 yaşında həm yaradıcılıqla, həm də elmlə məşğul olmaq hər adama nəsib olmur. Cavid işıqlı, kifayət qədər erudisiyalı və intellektli insan olması ilə yanaşı, həm də həyatı sevən, ətrafına, cəmiyyətə daim yararlı olmağı arzulayan bir insan kimi xatirələrdə qalıb”.

Mina Hacıyeva: “Həmişə də şəkil çəkdirəndə əcaib barmaq işarəsi göstərirdi”

Minə xanım onu da deyib ki, Əli dəfələrlə onların evində olub, həmişə fərqliliyi ilə seçilib: “Əli bir neçə dəfə bizim evdə də olub. Süfrəmizdə oturub. Cavidlə bir yerdə çörək kəsib. Ancaq onun şəkillərinə baxanda hiss olunur ki, sanki içində hər şey daşa dönüb. Bizim ailə şən ailə olub. Bayramlarda musiqi səslənib, şeir deyilib. Ancaq Əli bütün şəkillərdə şən əhval-ruhiyyəli insanların arasında gərgin oturub. Həmişə də şəkil çəkdirəndə əcaib barmaq işarəsi göstərirdi. (Bəzi iddialara görə, Əlinin göstərdiyi barmaq işarəsi satanistlərə məxsusdur-red.) Bütün bunlara baxmayaraq, Əlinin Cavidi öldürməsinin səbəbləri tam olaraq bilinmir. Ola bilsin ki, bu qətldə qısqanclıq elementləri də olsun”.

Ana fəryad edərək, Cavidin qatilinin tapılması üçün həm də dünya azərbaycanlılarına müraciət edib, cinayətkarın tapılaraq cəza alması üçün hər kəsdən dəstək istəyib: “O mənim oğlumu xüsusi amansızlıqla qətlə yetirib. Oğlumun qanı yerdə qalmamalıdır. Güman ki, Cavidin telefonunda yazışmalar olub. Ancaq Əli onun telefonlarını, sənədlərini oğurlayıb. Cavidin 2 telefonu vardı. Ukrayna polisinin verdiyi məlumata görə, telefonun biri oktyabrın 3-də, digəri isə 6-da söndürülüb. Ukrayna polisi deyir ki, qatil tutulandan sonra Cavidi nə üçün öldürüldüyünün səbəbləri bəlli olacaq. Qatil ona görə tutulmayıb ki, onun qaçması üçün hər cür şərait yaradılıb. Ayın 7-si axşamı sərhədi keçib və qaçıb. Ola bilsin ki, imkanlı qohumlarının bu işdə əli olub. Cavidin anası olaraq qatilin tezliklə tapılmasını və tutulmasını istəyirəm”.

Xarici ölkələrdə yaşayan bir sıra şəxslər könüllü olaraq axtarışlara qoşulublar

Qətlin təfərrüatları isə təxminən bu cürdür. Belə ki, Cavid Hacıyev ötən həftə Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Məlumata görə, Ə. Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılan C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddarcasına davranıb, onu parçalayıb və qanlı xalçaya, döşəyə büküb.

Onu da bildirək ki, “Səni axtarıram” verilişinə müraciət edən Rüstəm Abdullayev qardaşı oğlu Əlidən tələb edib ki, təslim olsun: “Çox sağ olun ki, mənə imkan yaratdınız ki, bu hadisəyə mən də öz fikrimi bildirim. Mən birinci növbədə Cavidin anasına, ailəsinə dərin hüznlə baş sağlığı verirəm. Bu cür gəncin ölüm xəbəri məni də çox sarsıtdı. Bu hadisə haqqında hamı kimi mən də oktyabrın 11-i bilmişəm. Övladım gətirdi göstərdi ki, bax Əlinin şəklini qoyublar. Orada yazılmışdı ki, Əli cinayətkardır, adam öldürüb. Mən dərhal anası və qardaşı ilə əlaqə saxladım və onlar mənə bildirdi ki, Əli Cavidlə Kiyevdə birgə olub. Bu hadisə də Kiyevdə baş verib. Mən anasına bildirdim ki, əgər Əli ilə əlaqəniz varsa tələb edin gəlib polisə təslim olsun. Əgər Əli mənim səsimi indi eşidirsə, mən də öz növbəmdə tələb edirəm ki, gəlib təslim olsun. Gizlənməklə, qaçmaqla bu məsələ həll olunmayacaq. Birdə hüquq mühafizə orqanlarından xahiş edirəm ki, Əlinin tapılmasında və bu cinayətin tezliklə açılmasında öz köməklərini əsirgəməsinlər”.

Qeyd edək ki, sözügedən hadisə cəmiyyətdə böyük rezonans doğurduğuna görə və çağırışlardan sonra, artıq onun qatilinin tapılması, qanun qarşısında cavabdehlik daşıması üçün xarici ölkələrdə yaşayan bir sıra şəxslər könüllü olaraq axtarışlara qoşulublar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə