Özbəkistan vətəndaşı saxlanılıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun ixrac piyada gömrük nəzarəti xəttinə daxil olan Özbəkistan Respublikası vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirilib və şübhəli cizgilər müəyyən olunub.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, baxış zamanı xanım vətəndaşın əl çantasının və çamadanının içərisindən gömrük nəzarətinə bəyan olunmayan, üzərindəki qaşları ilə birlikdə ümumi çəkisi 80 qram olan qızıl-zinət əşyaları - 2 cüt sırğa, 3 ədəd üzük, 1 ədəd boyunbağı, çəkisi 1 qram olan 4 ədəd yaşıl rəngli qiymətli daş, 1 ədəd üzərində "Maktain 222083" yazısı əks olunan qol saatı və 1 ədəd lupa aşkarlanıb.

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zamanı onun sinə nahiyəsində salfetə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən, qaşları ilə birlikdə ümumi çəkisi 117 qram olan 4 ədəd üzük, 4 cüt üzük-sırğa dəsti və 1 ədəd boyunbağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...