Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu məlumat yaydı

Sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi faktına görə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan SİA-ya verilən məlumata görə, cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İstintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...