Saxta spirtli içki emal edən sex aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən monitorinqlər çərçivəsində Bərdə rayonunda C.Məmmədquluzadə küçəsi, ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, baxış zamanı məlum olub ki, yaşayış yerinin sahibi Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif ölkələrə məxsus əmtəə nişanlı spirtli içkilərin adı ilə pərakəndə satışa çıxarır. Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 93 ədəd satış məqsədilə qablaşdırılmış saxta içki aşkar edilib.

Bundan başqa, yaşayış sahəsindən spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən yüzlərlə şüşə butulka, 100 litr həcmdə etil spirti, kənd təsərrüfatında istifadə olunan dərman maddələrinin qablaşdırılması üçün nəzərdə tutulan 100 litrlik boş çəllək müəyyən edilib.

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...