Narkotiklərlə bağlı 2553 fakt aşkar edilib Dövlət Komissiyası

Bu ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2553 fakt aşkar edilib ki, onlardan 707-si satış, 1675-i saxlama, 141-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil edib. SİA-nın verdiyi məlumata görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 6 aylıq hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 650 kq 749,322 qr müxtəlif növ narkotik vasitələrvə psixotrop maddələr, o cümlədən 25 min 701 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Bundan əlavə 330 kq 374,986 qr prekursorlar, 12 kq 714 qr güclü təsir edən zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 510 kq 846,029 qramını marixuana (30,9%), 224 kq 864,575qramını tiryək (13,6%), 763 kq 160,068 qramını heroin (46,23%), 14 kq 071,106 qramını həşiş (0,8%), 4 kq 009,185 qramını kokain (0,2%), 80 kq 130,229 qramını psixotrop maddələr (4,8%),53 kq 668,13 qramını digərləri (3,2%) təşkil edir.

Həmçinin Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2273 hektar ərazi üzrə 73 ton 892 kq (150 min 201 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə