Saatlıda 3 kq-a yaxın marixuana aşkar edilərək götürülüb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 350 ədəd çətənə kolları aşkar edilərək dövriyyədən çıxarılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılmış Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini S.Məmmədovdan 1,5 kiloqramdan artıq heroin və elektron tərəzi, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılmış qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Nurullayevdən 2 kiloqrama yaxın marixuana götürülüb.

Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş A.Həsənov 5,3 kiloqram tiryəki satarkən cinayət başında yaxalanıb.

Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Saatlı rayon sakini A.Qarayevin Şərq qəsəbəsinin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 300 ədəd çətənə kolu, habelə həmin yerdə saxladığı 2,9 kiloqram marixuana aşkar edilərək götürülüb.

Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Viyən kənd sakini M.Kazımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əzizov və Bakı şəhər sakini olan qohumu, əvvəllər məhkum olunmuş T.Nağıyev tərəfindən Qıraqlı kəndi ərazisində kultivasiya yolu ilə yetişdirilmiş 39 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə