Rusiyada daha bir sərnişin təyyarəsi qəza enişi edib

Rusiyanın Xantı-Mansiysk muxtariyyətinin Surqut şəhərindən Tacikistanın Xucənd şəhərinə uçan "Yuteyr" aviakompaniyasına məxsus təyyarə geri qayıdıb və Surqut aeroportuna qəza enişi edib.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təyyarədə texniki nasazlıq yaranıb. Təyyarə təxminən 3 saat dövrə vurduqdan sonra Surqut hava limanına enə bilib. Aeroportun mətbuat xidmətindən bildirilib ki, kompaniyanın Surqut şəhərində texniki mərkəzi olduğu üçün pilot geri qayıdaraq təyyarəni məhz bu şəhərin hava limanına endirib.

Sərnişinlər isə mehmanxanalara yerləşdirilib və onlar yeməklə təmin olunub. Onların bu gecə digər təyyarə ilə Xucənd şəhərinə yola salınacağı barədə məlumat verilib.

Ural dairəsi üzrə Nəqliyyatda İstintaq idarəsindən bildiriblər ki, “Boing-737” təyyarəsində artıq istintaqa qədərki baxış keçirilib. Məlumata əsasən, təyyarədə 136 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan heç biri xəsarət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə