Yaşayış evinə ildırım düşdü

Zaqatalada fərdi yaşayış evini, Şəkidə isə irigövdəli ağacı ildırım vurub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, mayın 20-də axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgədə fasilələrlə qısamüddətli leysan yağışı yağıb, bəzi ərazilərə dolu düşüb. Gecə saat 01:40 radələrində Zaqatala rayonunun Dardoqqaz kəndində kənd sakini Qurban Mehdiyevə məxsus, ümumi sahəsi 154 kv/m olan fərdi yaşayış evini ildrım vurub. İldrım vurması nəticəsində evdə baş verən yanğın FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının köməkliyi ilə dərhal söndürülüb. Yanğın nəticəsində evin dam örtüyü 10 kv/m sahədə yanıb.

Qax rayon İcra Hakimiyyətindən verilən məlumata görə, gecə saatlarında rayonda qısamüddətli leysan yağışları olsa da, sel təhlükəsi yaranmayıb. Rayonun İlisu kəndinə qısamüddətli dolu yağıb.

Gecə saatlarında Şəkiyə yağan leysan yağışları nəticəsində şəhər ərazisinin müxtəlif hissələrində ümumilikdə 4 fərdi yaşayış evinin həyətyanı sahəsinə yağış suları dolub, iki minik avtomobili isə yağış suları altında qalıb. Rayonun Aşağı Küngüt kəndində isə gecə saatlarında hündürlüyü 10 metr, diametri 3 metr olan irigövdəli ağacı ildrım vurub. Ağacın tam yanmasının qarşısı FHN-in Şəki rayon DYMH-nin əməkdaşları tərəfindən dərhal alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...