“MilliÖn”dən oğurluq edən şəxslər saxlanılıb

Salyanda “MilliÖn” ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb. SİA xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarabağlı kənd sakini Elmir Rəcəbəli oğlu Məmmədov və Qırxçıraq kənd sakini Əflatun Xəlil oğlu Vəliyev şübhəli şəxs qismində saxlanılıb.

İlkin istintaq zamanı məlum olub ki, Elmir Məmmədov tanışı Əflatun Vəliyevlə qabaqcadan əlbir olaraq bu il aprel ayının 1–də rayonun Kərimbəyli kəndindəki mağazaların birində quraşdırılmış “MilliÖn” ödəmə terminalını sındıraraq pul kassasını oğurlamaq istəsələr də, cəhdləri baş tutmayıb. Onların ətrafında aparılan araşdırmalar nəticəsində Elmir Məmmədovun başqa bir cinayətinin üstü açılıb. Məlum olub ki, o, daha əvvəl, yəni fevralın 13-də həmin mağazadakı “MilliÖn”ü sındırmaq yolu ilə kassanı oğurlayıb və onun içindəki 3894 manat pulu götürüb. Elmir Məmmədov izi itirmək məqsədilə kassanı mağazanın yaxınlıqdakı gölə atıb. Hazırda həmin kassa maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...