Bakıda avtomobil qaçıran keçmiş məhkum saxlanıldı FOTO

Yasamal Rayon Polis İdarəsdinin (RPİ) 29-cu Polis Şöbəsinə müraciət edən 2-ci Alatava yaşayış sahəsində yaşayan Ələddin Orucov mayın 9-na keçən gecə “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb.

“Təhlükəsiz Şəhər” Xidməti tərəfindən avtomobilin Zərdab rayonu ərazisində olduğu müəyyən edilib.

29-cu Polis Şöbəsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Aydın Quliyev və Kürdəmir rayon sakini Mehdi Hüseynov Zərdab rayonu ərazisində saxlanılıblar.

Polis əməkdaşları tərəfindən avtomobilin üzərində başqa bir nəqliyyat vasitəsinə məxsus – 10-NP-476 dövlət qeydiyyat nişanları aşkar edilmiş və onların törətdikləri daha bir cinayət əməlinin üstü açılıb. Həmin maşına məxsus 27 BR 862 dövlət qeydiyyat nişanları isə avtomobilin yük yerindən aşkar edilib.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların mayın 9-na keçən gecə Novxanı kəndi ərazisindən kənd sakini Sakit Cavadova məxsus “VAZ-21063” markalı avtomobilin 10-NP-476 dövlət qeydiyyat nişanlarını oğurlayıb qaçırdıqları avtomobilin üzərinə vurmaları müəyyən edilib.

Həmçinin A.Quliyevin əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə məhkum olunduğu da müəyyənləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə