Gömrükdə qanunsuz mallar aşkarlanıb FOTO

Gömrük nəzarətindən gizlədilən siqaret, mobil telefon aksesuarları və kürü aşkarlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən SİA-ya bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus “VAZ -21013” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 1000 ədəd “Marlboro” markalı siqaret, 10 ədəd “Apple” markalı qulaqcıq və 100 qramlıq 8 ədəd şüşə qablarda balıq kürüsü aşkarlanıb.

İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər bir məlumata əsasən isə “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ -21063” markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 3000 ədəd “Marlboro” markalı siqaret və 10 ədəd “Apple” markalı qulaqcıq aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...