Qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. "Report"un məlumatına görə, Z.Mərdanov barəsində toplanan cinayət işinin materilları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib. Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb getmələri də müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə