Vəkil adı ilə dələduzluq edən şəxsə 8 il cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Etibar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Hüseynov 8 il azadlıqdan məhrum edilib. İttihama görə, E.Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.

E.Hüseynov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilərək hakim qarşısına çıxarılan Əziz Hüseynov barəsində qərarı dəyişdirəcəyini vəd edib. İstintaqı aparan vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib və bu məqsədlə də ev dustaqlığında olan Ə.Hüseynovdan 3640 manat alıb.

E.Hüseynov bundan başqa, digər təqsirləndirilən Çingiz İsmayılovla qabaqcadan əlbir olaraq Vəli Məmmədova qarşı dələduzluq edib həbsdə olan oğlunu azad edəcəyinə söz verməklə ondan 22 min manat pul alıblar.

İttiham aktına əsasən, E.Hüseynov Zəhra Məmmədovanın həbsdə olan qızı barəsində bəraət hökmü çıxartdıracağını vəd edib ondan 18 600 manat, Ağatahir Zəkiyevə özünü vəkil kimi təqdim edərək Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilən A.Zəkiyevin cəzasını cərimə cəzası ilə əvəz edəcəyini vəd edib və onun yaxınlarından 7 min manat alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (rüşvət vermə; aktiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb. E.Hüseynov məhkəmənin çağrışlarına məhəl qoymadığı üçün onun barəsində axtarış elan olunub və cinayət işi ayrıca icraata ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə