Universitetin həyətyanı ərazisində aşkarlanan əl qumbarası zərərsizləşdirilib

Noyabrın 21-də saat 10:49-da Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” xidmətindən və saat 11:01-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Kəpəz rayonunun Şah İsmayıl Xətai prospektində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycan Texnologiya Universitetinin həyətyanı ərazisinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən “DM-41” əl qumbarası aşkarlanıb. Daşınması təhlükəli olduğuna görə həmin sursat təhlükəsizlik tədbirləri görüldükdən sonra yerində zərərsizləşdirilib.

Qumbaranın tapıldığı yerin ətrafında 6 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Yanvarın 1-dən noyabrın 22-dək ANAMA tərəfindən ümumilikdə 5447 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə iki, tank əleyhinə on mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 403 min 303 kvadratmetr ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə