22 cinayət faktı “isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılıb. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə