Etimad İsmayılovu kim və nəyə görə öldürüb? İLKİN VERSİYA

Xəbər verdiyimiz kimi, azərbaycanlı iş adamı, Etimad İsmayılov İstanbulda silahlı hücuma məruz qalıb. Xəbərdə deyilir ki, hadisə iş adamının Floryadakı ofisində baş verib.

Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. E.İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu olmaqla yanaşı, jurnalist Sevil Nuriyevanın da həyat yoldaşıdır.

Silahlı hücumu həyata keçirən Gözəl Dəmirov adlı şübhəli isə hadisə yerindən qaçıb. Lakin polisin keçirdiyi əməliyyat nəticəsində G.Dəmirov gecə saatlarında sürücüsü ilə birlikdə saxlanılıb.

Mərhumun atası İlyas İsmayılovla açıqlamasında xəbərin şokundan heç nə düşünə bilmədiyini deyib: "Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam. Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm”.

İ.İsmayılov qısa olaraq qatilin oğluna borcu olduğunu bildirib: "Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub”.

Etimad İsmayılovun qətlində şübhəli bilinən Gözəl Dəmirov kimdir? Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun "Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

Onun adı saxta sənəd hazırlamaqda da hallandırılır.

Qeyd edək ki, G.Dəmirovun adı Türkiyədə tanınmış iş adamı Yaşar Sönmezin qızının toyunda iştirakı zamanı gündəmə gəlmişdi.

Ötən gün İstanbulda qətlə yetirilən Etimad İsmayılovun cənazəsi bu gün axşam Bakıya gətiriləcək. Əldə etdiyimiz məlumata görə, mərhumun cənazəsi sabah Nardaranda torpağa tapşırılacaq.

Qeyd edək ki, E.İsmayılovun ailəsi Nardaranda yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə