Biləsuvarda 756 partlamamış hərbi sursat tapılıb

Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatında son 13 gün ərzində 756 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə bu gün də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatın tapıldığı yerin ətrafında 8 400 kv.m əraziyə yerüstü və 400 kv.m əraziyə isə yeraltı baxış keçirilib. 13 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 756 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança aşkar olunub, 126 100 kv.m əraziyə yerüstü və 7 530 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə