Piyadanı vurub öldürən sürücü tutuldu

İyunun 23-də Nərimanov rayonu ərazisində Ucar rayon sakini Emil Həsənlinin avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. DİN-dən SİA-ya verilən məlumata görə, araşdırmalarla piyadanın saat 13 radələrində Z.Bünyadov prospektində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.

Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Kürdəmir rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə