Taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanılıb FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Suraxanı rayonu Hövsan qəsəbəsində taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanılıb. DİN-dən SİA-ya verilən məlumata görə, Bakı şəhər sakini Teymur Müseyibli polisə məlumat verərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd mobil telefonunu əlindən alıblar.

Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar. Onlar ifadələrində törətdikləri əməli etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri mobil telefonu Hövsan qəsəbəsində Mirzə adlı şəxsə narkotik maddə olan heroin müqabilində satıblar. Polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı, Hövsan qəsəbə sakini Mirzə Mirzəyev də saxlanılıb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq satış üçün nəzərdə tutulan 171,388 qram heroin və 24,291 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə