DSX pişik oğrusunu sərhəddə saxladı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-dən SİA-ya verilən məlumata görə, 2018-ci ilin 17 may tarixində DSX əməkdaşlarının sayıqlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Belə ki, həmin tarixdə saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

Sərhəd pozucusunun tutulduğu əraziyə baxış keçirilərkən 1 qutuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub.

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə