Gəncədə maşın oğruları tutulub

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev “VAZ-2106” markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib. DİN-dən SİA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Gülüstan qəsəbəsinin ərazisində tapılan avtomobili qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Gəncə şəhər sakinləri Sərxan Mahmudov və əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanov olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə