Avtomobillərdən qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb

Siyəzəndə ötən il törədilən oğurluq hadisələrinin üstü açılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində nəqliyyat vasitələrindən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.

Siyəzən rayon sakini ötən ilin sentyabr ayının 17-də RPŞ-nə müraciət edərək, ona məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə naməlum şəxs və ya şəxslər tərəfindən ümumi dəyəri 870 Azn olan 3 mobil telefon və 2 gün eynəyi oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Nazim Hüseynov saxlanılaraq şöbəyə gətirilib. Saxlanılan zaman onun üzərindən bıçaq götürülüb.

Dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı Siyəzən RPŞ İB cinayət işi açılıb, ibtidai istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə