FHN Bakıdakı partlayışla bağlı məlumat yaydı

FHN Bakının mərkəzində, metronun “28 May” stansiyasının yaxınlığında baş vermiş partlayışla əlaqədar rəsmi məlumat yayıb.

SİA-nın xəbərinə görə, məlumatda deyilir:

“Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri -yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb.

Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazimatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”.

Bütün xəbərlər Facebook səhifəmizdə