Ölümlə nəticələnən qəza törədib qaçan sürücü tutulub

Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü tutulub.

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsindən SİA-ya verilən birgə məlumatda bildirilir ki, Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Yanvarın 14-də Sabunçu rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı 99-LX-652 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Mirzəyev Qənbər Əli oğlunu vurması, sonuncunun aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölməsi və sürücünün hadisə yerindən qaçması faktına görə, rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1980-ci il təvəllüdlü Məmmədov Araz Qənimət oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə