Paytaxtda silahlı şəxs saxlanılıb

Bakıda qanunsuz olaraq üzərində odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonunda qeydiyyatda olan Əli Məhərrəmovun üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman sandıqçasında 3 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə