Ölkəyə psixotrop maddə gətirən ər-arvad saxlanıldı

Heydər Əliyev Beynəlxalq Aeroportunda qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə psixotrop maddə gətirən şəxslər saxlanılıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan xanım sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrükçülər tərəfindən nəzarətə götürülüb. Şəxsi yoxlama zamanı onun əynindəki üst və alt paltarlarında qanunla qadağan edilən əşyalar aşkar edilməyib. Lakin qadın cinsiyyət orqanında gizlətdiyi və qoruyucu rezinin içərisinə qablaşdırılan 427 ədəd çəhrayı rəngli həbləri çıxarıb və gömrükçülərə təhvil verib.

İlkin araşdırma zamanı həmin şəxs həblərin “ekstazi” adlandırıldığını, həmin həbləri həyat yoldaşının təlqini və istəyi ilə sonuncunun tanışlarından pul müqabilində aldığını, ölkə ərazisində dövriyyəsinin qadağan olduğunu bildiyindən daxili orqanında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışdığını etiraf edib.

Qadının etirafları əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində onu qarşılamağa gələn həyat yoldaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində gömrükçülər tərəfindən saxlanılıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilən həblər fiziki-kimyəvi və bioloji ekspertizadan keçirilib və onların MDMA(ekstazi) olduğu müəyyən edilib. Ekspert arayışına əsasən 1 ədəd həbdə təsiredici maddəsinin miqdarı 30 mq, ümumi 427 ədəddə 12,81 qram təşkil edir. Qeyd edək ki, MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in I Siyahısına daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə