Zirzəmidə partlamamış hərbi sursat tapılıb

Gəncədə binanın zirzəmisində partlamamış hərbi sursat tapılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) SİA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, DOS 102 ünvanında 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 138 saylı binanın zirzəmisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamamış hərbi sursat (PQ-18) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş sursatın ətrafında 80 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə