Gəncədə 14 yaşlı məktəbli qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb. DİN mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, noyabrın 16-da səhər saatlarında yeniyetmə bir qız ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyi barədə məlumat verərək onlardan kömək istəyib.

Qaçmağa cəhd edən həmin şəxs polis əməkdaşlarının çevikliyi ilə saxlanılaraq şübhəli şəxs qismində Kəpəz Rayon Polis idarəsinə gətirilib.

Araşdırmalarla Zaqatala rayon sakini, 45 yaşlı Hikmət Malxasovun şəhərdaxili marşurutların birində insanların az olmasından istifadə edərək yanında əyləşən azyaşlı məktəbliyə qarşı qeyri-etik hərəkətlər etməsi, avtobusun dayancaqda dayanmasından istifadə edən məktəblinin düşüb qaçmaq istədiyi zaman isə onu təqib etdiyi müəyyən edilib.

Saxlanılan şəxsin əvvəllər Rusyada və Azərbaycanda dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

Faktla bağlı Kəpəz RPİ-də araşdırma aparılır.

loading...