Bakı metrosunda həyəcanlı anlar - Qadın relslərin üstünə yıxıldı

Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu” stansiyasında qadın qatar relslərinin üzərinə yıxılıb.

SİA-nın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, hadisə səhər saat 08:18 radələrində baş verib: "1963-cü il təvəllüdlü Sevda Osmanova adlı sərnişin “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxt relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist qatarı saxlayıb, qadını oradan çıxarıblar. Başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir".

N.Paşayev bildirib ki, nəticədə "Xalqlar Dostluğu"-“Dərnəgül” istiqamətində qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb: "Hazırda intervalda yaranan problem aradan qaldırılıb və qatarların normal hərəkəti bərpa olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə