İlahiyyat İnstitutunda Elm Gününə həsr olunmuş tədbirlər keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2018-ci il sərəncamı ilə hər il 27 mart tarixinin Elm Günü kimi təsis olunması haqqında qərar qəbul edilib.

Aİİ-dən SİA-ya verilən məlumata görə, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) sərəncamdan irəli gələn müddəaları əsas götürərək, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə birlikdə 03 aprel 2019-cu il tarixdə "İslam sivilizasiyası və elm: tarix və müasirlik" mövzusunda elmi-praktik konfrans təşkil etməyi nəzərdə tutur.

Konfransın keçirilməsində məqsəd elmi tədqiqatların təqdimatı, müzakirəsi və qarşılıqlı məlumat mübadiləsidir.

Konfransda müsəlman Şərqində elm və fəlsəfənin inkişafında azərbaycanlı alim və mütəfəkkirlərin rolu; müasir çağırışlar və İslam dünyası; İslam dünyasında elm və fəlsəfə məktəbləri; İslam incəsənətinin spesifik xüsusiyyətləri; orta əsrlərdən müasir dövrədək İslam dünyasında elm-din münasibətləri kimi istiqamətlər müzakirə olunacaq.

Konfransa məqalələr martın 20-dək Təşkilat Komitəsinə göndərilməlidir. Məqalələrin həcmi 5-10 səhifədən artıq olmamalı və elektron variantı fidanyusifova@ait.edu.az e-mail ünvanına göndərilməlidir.

Məqalə qəbulu ilə bağlı ətraflı məlumatı İnstitutun Magistratura və doktorantura şöbəsindən, yaxud rəsmi "facebook" səhifəsindən öyrənmək mümkündür (əlaqə nömrəsi: (012) 510-65-45 / 147).

Qeyd edək ki, ali təhsil müəssisəsində Elm Gününə həsr olunmuş "İlahiyyat elmlərinin tədqiqi: mövcud vəziyyət və perspektivlər" mövzusunda "dəyirmi masa"nın keçirilməsi də nəzərdə tutulub. "Dəyirmi masa"da ilahiyyat elmi sahəsində tədqiqatların təşkili, aparılması, nəticələrinin saxlanılması, ötürülməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Elm Gününün keçirilməsində əsas məqsəd Aİİ-də elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaqdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...