Bəhreyn və Oman mətbuatı Azərbaycanda keçirilmiş prezident seçkilərindən yazıb

Bəhreynin "Bahrain News Agency" (BNA) dövlət informasiya agentliyinin internet səhifəsində və Omanın nüfuzlu qəzetlərindən olan "Oman Daily" qəzetində Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı məqalələr yayımlanıb. SİA xəbər verir ki, BNA-nın rəsmi saytında yerləşdirilən "Azərbaycan Prezidenti soydaşlarını təbrik edir" sərlövhəli məqalədə seçkilərin ilkin nəticələrinin elan olunmasından sonra Prezident İlham Əliyevin televiziyada xalqa müraciətindən sitatlar təqdim edilib. Məqalədə Azərbaycan xalqının bu seçkilərdə də Prezident İlham Əliyevə böyük etimad göstərdiyi vurğulanıb. Həmçinin Prezident İlham Əliyevin dəstəyə görə xalqımıza minnətdarlığını bildirməsi, bu etimadın ölkəmizin inkişafı üçün əsas olduğunu qeyd etməsi oxucuların diqqətinə çatdırılıb. "Oman Daily" qəzetində dərc olunan "İlham Əliyev yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçildi" sərlövhəli yazıda isə seçkilərdə hazırkı dövlət başçısı İlham Əliyevin səslərin 86,03 faizini toplayaraq 2025-ci ilə qədər Azərbaycan Respublikasının Prezidenti seçildiyi diqqətə çatdırılıb. Habelə səsvermədə seçicilərin 74 faizinin iştirak etdiyi qeyd olunub. Qəzetdə yayımlanan "Oman Sultanı Azərbaycan Prezidentini təbrik etdi" sərlövhəli digər məqalədə isə Oman Sultanı Qabus bin Səidin Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etdiyi bildirilib. Yazıda Azərbaycan və Oman xalqları arasında dostluq münasibətlərinin daim inkişaf etdiyi də vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə