Saraylıların seçimi İlham Əliyevdir!

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Abşeron rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Saray qəsəbəsində seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə rayon təşkilatının rəhbərliyi, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev və partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Abşeron rayon şöbəsinin sədri Bilman Vəliyev görüş iştirakçılarını salamlayaraq qeyd edib ki, artıq prezident seçkilərinə sayılacaq günlər qalıb və bu gün Azərbaycan xalqının böyük əksəriyyəti öz seçimini edib - bu seçim Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevdir. "Müstəqil Azərbaycanın inkişafı 15 ildə davamlı olaraq öz müsbət nəticələrini xalqın rifahında təcəssüm etdirir. Bu baxımdan, Vətənini, dövlətini sevən hər bir azərbaycanlı yekdilliklə Cənab İlham Əliyevə səs verəcək"-deyə vurğulayan Bilman Vəliyev, aprelin 11-də hər kəsi seçki günündə fəal olmağa və seçki məntəqələrinə gedərək, alternativsiz namizəd Cənab İlham Əliyevə səs verməyə çağırıb.

YAP Abşeron rayon təşkilatının Qadınlar şurasının sədri Təyyubə Hüseynova bildirib ki, xalqımız növbəti önəmli siyasi-ictimai hadisə - prezident seçkiləri ərəfəsindədir. Onun sözlərinə görə, son 15 il ərzində Azərbaycanda mövcud olan inkişaf və tərəqqi, əldə edilmiş nailiyyətlərin hər birinin əsasında Ulu Öndər Heydər Əliyev siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi faktoru dayanıb. T.Hüseynova bu uğurların davamlı olması, daha böyük nailiyyətlərin əldə edilməsi, xalqımızın daha firavan yaşaması üçün hər kəsi Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Gənc seçici İsmayılzadə Təranə isə öz növbəsində bildirib ki, məhz Azərbaycan gəncinə göstərilən diqqət və qayğı bütövlükdə ölkə gəncliyinin səsinin beynəlxalq aləmdə yüksəlməsinə, gənclərin elmi-texniki və s. əhəmiyyətli potensialların artmasına, intellekt səviyyələrinin inkişafının səbəb olub. "Bu baxımdan, biz gənclər də ölkəmizin daha güclü və xoşbəxt gələcəyi naminə Cənab İlham Əliyevə səs verərək, Onun siyasətini dəstəkləyəcəyik"- deyə qeyd edən İ.Təranə Azərbaycan gəncliyinin namizədinin İlham Heydər oğlu Əliyev olduğunu bildirib.

Saray qəsəbəsinin ağsaqqalı Tahirov Ağası isə bildirib ki, bu gün ölkəmizdə olan sabitlik və inkişafın davamlı olması üçün yaşlı nəslin nümayəndələri də bir namizədi – Cənab İlham Əliyevi dəstəkləyir və aprelin 11-də birmənalı olaraq, Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.

YAP Abşeron rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvü Abdulov Məhərrəm isə bildirib ki, bu gün ölkə seçicilərinin mütləq əksəriyyəti bilavasitə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev siyasətini dəstəkləyir. "Belə ki, ötən 15 ildə hər kəs əldə edilən müvəffəqiyyətləri görür və şahidi olur. Bu baxımdan, hər kəs nailiyyətlərin davamlı olması üçün seçki günü məntəqələrə gedərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək".

Çıxış üçün söz alan "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev seçkilər gününün elə də uzaqda olmadığını deyərək, ilk növbədə, ölkəmizdə demokratik seçki mühitinin mövcudluğunu vurğulayıb və bildirib ki, bütövlükdə Azərbaycanın inkişaf təməli bilavasitə yüksəlişlər və uğurlar nəticəsində qazanılıb. "Bu baxımdan, deyə bilərik ki, məhz Azərbaycandakı sabitlik fonunda nəhəng regional və beynəlxalq layihələr həyata keçirilib, müxtəlif sahələrin tərəqqisi müşahidə olunub", - deyə vurğulayan Bəhruz Quliyev əlavə edib ki, belə bir inkişaf tandeminin davamlı olması naminə hər kəs Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin ətrafında sıx birləşməli, aprelin 11-də Ona səs verməlidir: "Daha xoşbəxt gələcək naminə hər birinizi "İlhamla irəli" şüarı altında Cənab İlham Əliyevə səs verməyə çağırıram".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə