YAP-ın təbliğat kampaniyası uğurla davam edir

TƏRTƏR

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab Əliyevin seçki-təşviqat kampaniyası çərçivəsində 23 mart 2018-ci il tarixdə Tərtər rayonunun Cəmilli, Bala Kəngərli kəndlərində 443 nəfər seçicilərin iştirakı ilə mitinq-görüş keçirilib.

Seçki-təşviqat kompaniyası çərçivəsində keçirilən tədbiri YAP rayon təşkilatının sədri Ramiz Şabanov açaraq Yeni Azərbaycan Partiyasının namizədi, İlham Əliyevin 2003-2018-ci illərdə ölkəyə başçılıq etdiyi müddətdə Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yolu keçdiyindən, bu gün Vətənimizin dünayda sayılıb-seçilən ölkələrlə bir sırada qərarlaşmasından, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan qətiyyətli addımlardan, ölkənin siyasi, iqtisadi, mədəni və sosial sahələrində aparılan islahatlardan danışıb.

R.Şabanov çıxışında İlham Əliyev Cənablarının gərgin əməyi, yürütdüyü tarazlaşdırılmış daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanın təkcə Cənubi Qafqaz dövlətləri arasında deyil, əhali və ərazi baxımından kiçik olmasına baxmayaraq, dünyada inkişaf səviyyəsinə görə aparıcı dövlətlərlə rəqabətə davamlı, etibarlı tərəfdaş dövlətə çevrildiyini qeyd edib və vurğulayıb ki, Azərbaycanın bu gün güclü ordusu, yüksək sürətli inkişafa malik iqtisadiyyatı, dünyada baş verən təlatümlü hadisələrdən sığortalanmış stabil cəmiyyəti vardır. “Ən başlıcası ölkəmizdə xalq-iqtidar birliyi və etimadı qərarlaşmışdır. Günbəgün yaşayış səviyyəsi yaxşılaşan Azərbaycan xalqı və seçiciləri bu dəfəki Prezident seçkilərində də inamlı gələcəyə İlhamla davama səs verəcəklər”-deyə qeyd edən R.Şabanov hər kəsi 11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıb.

Seçki-təşviqat kampaniyası çərçivəsində keçirilən tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahveridyev, Cəmilli kənd sakinləri, Qarabağ Müharibəsi əlili Pənah Məmmədov, Rəşad Şahbazov, Səfayət Xəlilova çıxış edərək, tərtərlilərin birmənalı şəkildə İlham Heydər oğlu Əliyevə səs verəcəklərini vurğulayıblar.

BİLƏSUVAR

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar YAP Biləsuvar rayon təşkilatında müşahidəçilərlə növbəti dəfə treninqi keçirilib. Müşahidəçilərlə görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev çıxış edərək, məntəqə seçki komissiyalarına təyin edilmiş müşahidəçilərin vəzifələri barədə ətraflı məlumat verib və seçki günü müvafiq qaydalar ətrafında fikirlərini bölüşüb.

MASALLI

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş martın 23-də rayonun Kolatan kəndində keçirilib. Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edərək bildirib ki, Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. “Hazırda Azərbaycan böyük dövlətlərin tərəfdaşıdır. Ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Azərbaycan mədəniyyəti dünyada layiqincə təbliğ edilir. Bununla yanaşı, insanların həyat şəraiti olduqca yaxşılaşıb”- deyə qeyd edən təşkilat sədri əlavə edib ki, Azərbaycan cəmiyyətinin nümayəndələri ölkəmizin inkişafından, mövcud ictimai-siyasi sabitlikdən məmnundurlar: “Əminliklə söyləyə bilərəm ki, bu seçkilərdə də seçicilər Azərbaycanın gələcək inkişafı, firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklər. Azərbaycan seçicisinin seçimi birmənalıdır”.

S.Əliyev eyni zamanda YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı haqqında seçicilərə məlumat verib və 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüş əsnasında kənd sakinləri Eynəli Rəsulov, Əziz Əliyev və başqaları da çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq, bu dəfəki seçkilərdə də YAP-ın qələbəsinə əmin olduqlarını bildiriblər və Azərbaycanın daha inkişaflı tərəqqi yolunu keçməsi, xalqın daha firavan həyatının təmin olunması naminə hər kəsin məhz Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə