İdmançıların şüarı "İlhamla irəli"dir!

Azərbaycan dövləti və xalqı mühüm siyasi-ictimai hadisə ərəfəsindədir - aprelin 11-i növbəti 7 il üçün Azərbaycanın Prezidentinin, xalqın liderinin seçiləcəyi gün kimi tariximizə yazılacaq. Artıq respublikanın bir çox cəmiyyət və ictimaiyyət nümayndələri öz seçimlərini etdiklərini vurğulayaraq, bu seçimin Cənab İlham Əliyev olduğunu bildirirlər. Bu gün "İlhamla irəli" şüarı ölkəmizin bütün bölgələrinin şüarına çevrilib və bu dəstəyin kütləviliyi müxtəlif sahələri təmsil edən insanlarımızın fikirlərində də qeyd edilir.

Məhz bu xüsusda, idmançılarımızın da seçimi bəllidir. Əksər seçicilər kimi idmançılar da Azərbaycanın hərtərəfli inkişafının müəllifi olan, ölkəmizi dünyada söz sahibi edən, xalqın sosial müdafiəsinin təminatını əsas hədəf seçən və nəhayət, idmanımızın və idmançılarımızın əvəzsiz hamisi olan Cənab İlham Əliyevə səs verəcəklərini əminliklə bildirirlər.

Əlbəttə, bu alternativsiz qərarın verilməsi heç də təsadüfi sayıla bilməz. Məsələn, bir çoxlarının yadındadır ki, SSRİ dağıldıqdan sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də durğunluq hökm sürürdü. Azərbaycanın idman bazaları baxımsızlıq üzündən və maliyyə çatışmazlığından fəaliyyətlərini dayandırmaqla yanaşı, respublika gənclərinin idmana marağı da azalmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonrakı illərdə, yəni 1993-cü ilə qədər peşəkar məşqçilər və idmançılar Azərbaycanı tərk edərək, başqa ölkələrə üz tutur, onların bayraqları altında çıxış edirdilər. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra idmana maraq yenidən artmağa başladı və bu sahə dövlətin prioritet istiqamətlərindən biri olaraq diqqətə alındı. Ümummilli Lider ölkənin digər problemlərinin başdan aşmasına baxmayaraq, idmanın da inkişafı üçün bir sıra sərəncamlar imzaladı, mühüm tədbirlər gördü. Beləliklə, idman sahəsində yenidən canlanma yarandı. İlk növbədə, idmançılara qayğı göstərildi, onların məşq etməsi və yarışlara qatılması üçün maliyyə vəsaiti ayrıldı, federasiyaların fəaliyyətinin canlanması üçün hər cür dəstək verildi. Bunun da sayəsində ölkəmizi tərk etmiş tanınmış məşqçilər və idmançılar Azərbaycana qayıtdılar və yenidən beynəlxalq yarışlarda ölkəmizi təmsil etməyə başladılar.

Azərbaycan idmanında növbəti yüksək sıçrayış isə Cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başladı. Onu da qeyd edək ki, Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsi idman ictimaiyyətinin Ona çoxsaylı müraciətləri sayəsində baş verdi. Çünki məşqçilərimiz, idmançılarımız bilirdilər ki, Cənab İlham Əliyev idmana böyük maraq göstərir və onun inkişafı üçün çalışır. Bu baxımdan, Cənab İlham Əliyevin Olimpiya hərəkatının rəhbəri kimi qısa dövrdə fəaliyyəti idman ictimaiyyətinin yanılmadığını göstərdi. Belə ki, qısa müddətdə bütün köhnə idman bazaları təmir edildi, yeni Olimpiya mərkəzləri tikildi. Özü də bu mərkəzlər təkcə Bakı və digər böyük şəhərlərdə deyil, bütün bölgələrdə inşa olundu. Artıq Azərbaycanda 50-yə yaxın Olimpiya mərkəzləri, kompleks və qurğuları fəaliyyət göstərir ki, gənclərimiz bu mərkəzlərdə sağlam bədəndə sağlam ruh şüarı ilə məşqlər edir, idmanın müxtəlif sahələri üzrə yüksək titullara sahib olaraq, bayrağımızı birincilər sırasında dalğalandırırlar. İdmanın inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan davamlı işlər, həyata keçirilən layihələr son 15 ildə əldə edilən uğurların sırasında müstəsna yerini tutmaqdadır. Aradan keçən dövr də göstərdi ki, Cənab İlham Əliyevin həyata keçirdiyi bu siyasət düzgündür. Bu gün istər Olimpiya, istərsə də digər beynəlxalq yarışlarda Azərbaycan bayrağının yüksəldilməsində və himnimizin səslənməsində bölgələrdə yetişən idmançıların da böyük rolu var.

Daha bir önəmli faktı xatırlatmaq olar: Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçilərkən Sidney Olimpiadasına iki ildən bir qədər çox vaxt qalırdı. Buna baxmayaraq, Azərbaycan idmançıları həmin Olimpiadada yüksək yer qazanmaq üçün var qüvvələri ilə məşq edirdilər. Çünki onlara Milli Olimpiya Komitəsinin rəhbərliyi tərəfindən hər cür maddi və mənəvi dəstək göstərilirdi. Belə qayğı idmançılarımıza həm də mənəvi cəhətdən ruh verir, onların üzərinə böyük məsuliyyət qoyurdu. Olimpiyaçılarımız yaxşı başa düşürdülər ki, onlara uzaq Sidneydə ölkəmizi təmsil və təbliğ etmək imkanı verilir.

Sidney Olimpiadasında idmançılarımız 2 qızıl, 1 gümüş medalla vətənə qayıtdılar. Bu da başlanğıc üçün böyük nailiyyət idi. Çünki Azərbaycanın müstəqil ölkə kimi Olimpiya hərəkatında iştirak etməyinin tarixi o qədər çox deyildi. Sonrakı illərdə Cənab İlham Əliyevin qayğısı sayəsində Olimpiya Hərəkatında qələbələrimizin sayı ildən-ilə artmaqda davam etdi. 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında qazanılan medalların sayı 18-ə çatdı. Bu, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması demək idi. Belə olmasaydı, Olimpiya hərəkatında qazandığımız bu uğurlar xarici ölkə mütəxəssisləri və kütləvi informasiya vasitələri tərəfindən də yüksək qiymətləndirilməzdi. Sözsüz ki, bu uğurların əldə edilməsində Azərbaycan idmançıları, ilk növbədə, Cənab İlham Əliyevə minnətdardırlar. Çünki onlara bu nailiyyətlərin əldə edilməsi üçün yaradılan bütün şərait, məhz Cənab İlham Əliyevin sayəsində ərsəyə gəlmişdir. Məhz bunun sayəsində Azərbaycan iştirak etdiyi 6 Olimpiya oyunlarında 44 medal qazanıb. Maraqlıdır ki, atletlərimiz hər Olimpiadada medal sayında əvvəlki rekordu təzələyiblər: Atlanta (1996) - 1 medal, Sidney (2000) - 3 medal, Afina (2004) - 5 medal, Pekin (2008) - 7 medal, London (2012) -10 medal və nəhayət, Rio -18 medal! Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu, Londonda 204 ölkə arasında 30-cu yeri tutmuşdusa, son Olimpiadada medalların sayına görə isə Azərbaycan 15-ci yerə yüksəldi. Medal sayına görə MDB-də 2-ci, müsəlman dövlətləri arasında 1-ci, Avropa qitəsində 7-ci yeri tutmağımız Azərbaycan idmanının əsl təntənəsi idi.

I Avropa Oyunlarına qədər də Azərbaycanda müxtəlif idman növləri üzrə beynəlxalq və qitə yarışları uğurla keçirilirdi. Həm bu amil, həm də ölkəmizdə mükəmməl infrastrukturun və təcrübənin olması Avropa Olimpiya Komitəsinin diqqətindən yayınmadı. Buna görə də, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə Cənab Prezidentə müraciət edildi və bu müraciət müsbət qiymətləndirildi. Mübaliğəsiz demək olar ki, ölkəmiz I Avropa Oyunlarını keçirməklə həm tarix yazdı, həm də bu oyunların standartını müəyyən etdi. Belə ki, xarici ölkələrin idman ictimaiyyətinin rəhbərləri, kütləvi informasiya vasitələri etiraf etdilər ki, I Avropa Oyunları həm təşkilati, həm də yarışların açılışı və bağlanışının möhtəşəmliyi baxımından dünya Olimpiya yarışlarından geri qalmadı. Üstəlik, Azərbaycan Rusiyadan sonra bu yarışlarda ən çox medal qazanaraq, ikinci yeri tutdu. Təsəvvür edin ki, Avropanın inkişaf etmiş və əhalisinin sayı bizdən qat-qat çox olan ölkələri bizim qədər medal qazana bilmədilər. Beləliklə, Avropa güclülərinin güclüsü olduq! Ölkəmizdə keçirilən ikinci belə möhtəşəm yarış isə İslam Həmrəyliyi Oyunları oldu. Artıq 4-cü dəfə idi ki, bu yarışlar keçirilirdi. Lakin əvvəlki İslam Həmrəyliyi Oyunları Bakıdakı kimi olmamışdı. İstər texniki hazırlıq baxımından, istər yarışların gedişi, istərsə də təntənəli açılış və bağlanış mərasimləri əvvəlki yarışlardan daha möhtəşəm idi. Bu yarışlarda Azərbaycan daha çox medal qazanaraq, lider oldu.

Göründüyü kimi, cənab İlham Əliyevin Prezident kimi ölkənin ümumi inkişafına göstərdiyi xidmətlərlə bərabər, idmanda da yüksək nailiyyətlərin əldə olunmasında böyük əməyi var. Özü də bu xidmət təkcə idman infrastrukturunun yaradılması ilə məhdudlaşmır. Bu gün Azərbaycanda hər bir idmançıya fərdi yanaşılır və onun problemləri həll olunur. Məlumdur ki, müəyyən yaş həddindən sonra idmanla vidalaşmaq lazım gəlir. Dövlət başçısının qayğısı sayəsində belə idmançılar ixtisaslarına uyğun işlə, ehtiyacı olanlar isə mənzillə təmin edilir. Yəni ölkə qarşısında xidməti olan idmançılar karyeralarını bitirdikdən sonra da unudulmurlar. Bütün bunlarsa, o deməkdir ki, ölkəmizin və idmanımızın gələcək inkişafı da yalnız Cənab İlham Əliyevlə mümkündür. Ona görə də, Cənab İlham Əliyev idmançıların hamisi olmaqla yanaşı, həm də prezident seçkilərindəki alternativsiz namizədidir və aprelin 11-də bu reallıq özünü növbəti dəfə isbatlayacaq!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə