Təbliğat kampaniyasına YAP Binəqədi rayon təşkilatı da start verib FOTOLAR

11 aprel 2018-ci il tarixdə Azərbaycanda keçiriləcək Prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Belə ki, qanunvericiliyə əsasən martın 19-dan başlayaraq Prezident seçkilərinə namizədlikləri qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyasına start verilib. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin təbliğat materiallarının yayılmasına başlanılıb.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı da qanunvericiliyin tələblərinə və Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına fəal qoşulub. Bunun üçün qanunvericiliklə müəyyən olunmuş yerlərdə, yəni Binəqədi rayonunda fəaliyyət göstərən 3 müstəqil – 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü seçki dairələrinin ümumilikdə 111 məntəqə seçki komissiyalarında və 1 müştərək – 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin Binəqədi rayonu ərazisində yerləşən 4 məntəqə seçki komissiyasında təbliğat üçün ayrılmış müvafiq yerlərdə təbliğat materialları olan üzərində “İlhamla İrəli” şüarı yazılmış plakatlar asılıb.

Təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə və mütəşəkkil həyata keçirilməsi üçün prosesə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gənc fəalları və könüllüləri qoşulub.

Qeyd edək ki, Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası seçkilərin keçirilməsinə 24 saat qalmış, yəni aprelin 10-u səhər saat 08:00-da başa çatacaq. Təbliğat-təşviqat kampaniyası müddətində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsi öncədən təsdiq olunmuş qrafikə uyğun olaraq mütəmadi təbliğat tədbirləri keçirəcək və seçicilərin seçki prosesinə fəal qoşulması istiqamətində silsilə görüşlər təşkil edəcək. Eyni zamanda rayon təşkilatı tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış videoçarxın yayımlanması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə