İlk dəfə səs verəcək gənclər maarifləndirilir

Ölkəmizin hərtərəfli inkişafında gənclərin rolu danılmazdır. Gənclər respublikamızın ictimai-siyasi və sosial həyatında fəallıqları ilə seçilir, Azərbaycanın iqtisadi qüdrətinin artmasına öz layiqli töhfələrini verirlər. Bu fikirlər Balakən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə aprelin 11-nə təyin edilmiş prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə səsləndirilib.

Gənclər evində təşkil edilən tədbirdə iştirakçılara seçki prosesi barədə ətraflı məlumat verilib.

Görüşdə rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov çıxış edərək, seçkilərin ölkənin həyatında çox mühüm hadisə olduğunu bildirib, 18 yaşına çatmış hər bir vətəndaşın seçmək hüququna malik olduğunu diqqətə çatdırıb. Seçicilərin seçki hüququ ilə bağlı maarifləndirilməsində belə tədbirlərin əhəmiyyətini vurğulayan idarə rəisi, bütün siyasi kampaniyalarda olduğu kimi, aprelin 11-nə təyin edilmiş prezident seçkilərində də Balakən gənclərinin yüksək fəallıq nümayiş etdirəcəklərinə, seçkilərin şəffaf və seçicilərin fəallığı şəraitində keçməsinə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

Görüşdə çıxış edən 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının üzvü Altay Məmmədov seçkilərin demokratik keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirmələrinin vacibliyini önə çəkib.

Gənclər evi sosial xidmət müəssisəsinin rəisi Tale Şahverdiyev çıxışında gənclərin hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvə olduğunu vurğulayıb.

Rayon ağsaqqalı Xəlifə Mirəliyev rayonda həyata keçirilən genişmiqyaslı quruculuq işlərində gənclərin rolunu xüsusi qeyd edib, tövsiyələrini bildirib.

Sonda ilk dəfə səs verəcək gənclərin seçki hüququ ilə bağlı sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə