"Prezident seçkiləri bütün istiqamətlərin inkişafında yeni keyfiyyət mərhələsi yaradacaq" - MÜSAHİBƏ

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sechki-2018.az saytına müsahibəsi

- Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilər cəmiyyətdəki sabitlikdən, ictimai-siyasi mühitdən və bütövlükdə yaradılan şəraitdən asılıdı. Siz hazırda ölkəmizdə mövcud olan seçki mühitini necə dəyərləndirirsiniz ?

- Hər bir demokratik cəmiyyətdə seçki ili ictimai-siyasi mühit üçün fəal dövr kimi səciyyələndirilir. Azərbaycanda da belədir. Artıq Azərbaycan cəmiyyətində özünəməxsus demokratik seçki ənənələri formalaşıb və bu ənənələr hər şeydən əvvəl insan hüquq və azadlıqları, eyni zamanda, seçki hüququna əsaslanır. Ona görə də, hesab edirəm ki, Azərbaycan seçici fəallığı baxımından bir sıra Qərb ölkələrindən daha irəlidədir. Azərbaycanda seçki mühitindən danışdıqda ilk növbədə demokratik seçkilərin keçirilməsini təmin edəcək ictimai-siyasi sabitliyi qeyd etmək lazımdır. İstənilən cəmiyyətdə sabitlik hər şeydən əvvəl hüquqi mexanizmlərin lazımi səviyyədə işləməsini təmin edən vasitə kimi çıxış edir. Bundan sonra siyasi sistemin demokratik institutlarının funksionallığı məsələsidir ki, bu da ölkəmizdə mövcuddur. Burada önə çıxan əsas institut isə ölkənin siyasi sisteminin lokomotivi hesab olunan siyasi partiyaların seçki kampaniyasına qoşulmasıdır. Hazırda Mərkəzi Seçki Komissiyasının seçki təqviminə uyğun olaraq imzatoplama kampaniyası mərhələsindəyik. Bu demokratik yarışa xeyli sayda partiya və digər müxtəlif siyasi təşkilatlanmalar qoşulublar. Seçkini müşahidə etmək üçün çoxsaylı beynəlxalq və regional təşkilatlara dəvətnamələr göndərilib. Bütün bunlar seçkiqabağı demokratik mühitin təmin olunmasının göstəriciləri hesab edilməlidir. Ona görə də seçki mühitini olduqca müsbət qiymətləndirmək olar.

- Şübhəsiz, Azərbaycan regionun ən güclü dövləti olmaqla yanaşı, bölgənin inkişaf paradiqmalarının müəyyənləşdirilməsində birbaşa iştirak edir. Bu mənada qarşıdan gələn prezident seçkilərinin regionun gələcəyi baxımından əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olmaqla yanaşı, beynəlxalq münasibətlər sisteminin də nüfuzlu aktorlarından biridir. Milli dövlət kimi onun qərarları regional münasibətlərin keyfiyyətini müəyyən edir. Həm iqtisadi, həm hərbi-siyasi, həm də demoqrafik və sosio-mədəni baxımdan üstünlüyü ölkəmizi lider səviyyəsinə qaldırır. Belə olduqda Azərbaycanda keçirilən prezident seçkiləri qonşu dövlətlərin də diqqətini çəkir və bu, olduqca təbiidir. Çünki regionun iqtisadi- siyasi sabitliyi və inkişafı ciddi mənada ölkəmizlə bağlıdır. Həyata keçirdiyi meqa iqtisadi layihələr onun geostrateji əhəmiyyətini daha da artırıb. Bu mənada təkcə region ölkələri deyil, mühüm qlobal iqtisadi layihələrdə tərəfdaşımız olan ölkələr də seçkini maraqla izləyənlər sırasında olacaqlar. Ona görə də ölkəmizdə demokratik seçkilərin keçirilməsi mühüm əhəmiyyətli bir hadisədir və onun məhz demokratik əsaslarda baş tutması üçün heç bir maneə yoxdur.

- Seçkilər istənilən ölkənin tarixində yeni bir dövrün , inkişaf və islahatlar mərhələsinin başlanğıcı kimi xarakterizə edilir. Siz necə hesab edirsiniz, növbəti prezident seçkiləri Azərbaycanın tarixində hansı rol oynayacaq?

- Hər seçki yeni başlanğıc olduğu kimi, həm də özünəqədərki mərhələnin davamıdır. Bu mənada demokratik seçkilər, həmçinin cəmiyyətin inkişaf ənənələrinin varisliliyini təmin edən vasitədir. Azərbaycan hazırda ən yeni tarixinin mühüm inkişaf mərhələsini yaşayır. Ölkəmiz müasir mürəkkəb beynəlxalq münasibətlər və geostrateji şərtlərdə öz inkişafını davam etdirməyə nail olur. Üstəlik öz təhlükəsizliyini təmin etmək, ərazi bütövlüyünü bərpa etmək üçün hərbi qüdrətini artırır, güclü ordu yaradır və bu ordu Aprel zəfəri kimi ciddi hərbi uğurlara imza atır. Bütün bunlar həm də ölkəmizin idarəetmə, hüquq və iqtisadi münasibətlər sistemində ciddi islahatlarla müşahidə edilir. Ölkəmizdə işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində çox mühüm addımlar atılır. Qeyri-neft sektorunun inkişafı yeni iqtisadi mərhələnin prioriteti kimi müəyyənləşdirilib. Yeni müasir sənaye mərkəzləri yaradılır, regionlarımız inkişaf edir, olduqca müasir infrastruktur yaradılır. Təhsil, səhiyyə və digər bu kimi mühüm strateji sahələrdə ciddi islahatlar aparılır. Bütün bunlar isə yeni mərhələdə daha dərin və keyfiyyətli islahatlar aparmaq üçün ciddi əsaslar yaradır. Ona görə də 11 aprel tarixində keçiriləcək prezident seçkiləri bütün istiqamətlər üzrə inkişafımızda yeni keyfiyyət mərhələsi yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...