Arye Qut: "Azərbaycanda seçkilər böyük təcrübə əsasında keçiriləcək"

“Azərbaycanda, mənim ikinci vətənimdə qarşıdan prezident seçkiləri gəlir. Bu, çox önəmli siyasi hadisədir. Xalq, cəmiyyət seçkilərdə fəal iştirakı ilə yadda qalmalıdır. Çünki seçki bir mədəniyyətdir”. SİA-nın xəbərinə görə, bu fikirləri sechki-2018.az saytına açıqlamasında israilli tanınmış ekspert, nüfuzlu "The Jerusalem Post" qəzetinin analitiki Arye Qut deyib.

“Bu vaxta qədər Azərbaycan xalqının seçkilərdə kifayət qədər fəallığının, məntəqələrə gedib öz namizədlərinə səs verdiyinin şahidi olmuşuq. Düşünürəm ki, bu dəfə də Azərbaycan cəmiyyəti prezident seçkilərində fəallıq göstərəcək”,- deyə, israilli ekspert bildirib.

A.Qut qeyd edib ki, bu gün Azərbaycan ictimaiyyəti qarşıdakı 11 aprel prezident seçkilərinin daha mükəmməl qanunvericilik bazası və daha böyük seçki təcrübəsi əsasında keçirildiyini dərindən anlayır: “Bu məsələdə Mərkəzi Seçki Komissiyasının uzun illər ərzində topladığı seçki təcrübəsini də qeyd etmək istərdim. Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir və Cənubi Qafqazın ən güclü ölkəsidir”.

Azərbaycanın inkişaf yolunu seçməsini, tərəqqipərvər, sülhpərvər missiyalara qoşulmasını görməzlikdən gələn qurumlar və ölkələrin mövcudluğuna təəssüfünü bildirən ekspert hesab edir ki, nəinki Cənubi Qafqaz regionunda, həm də dünyada sülhün və sabitliyin inkişafında maraqlı olmayan bəzi dövlətlərdən biri də məhz Ermənistandır: “Bu ölkədə demokratiya yoxdur, insanlar kütləvi şəkildə miqrasiya edir. Serj Sarkisyanın despot rejimi erməni xalqını əsarətə məhkum edib. Üstəlik bu rejim bütün beynəlxalq normalara məhəl qoymayaraq Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayır. Çox yaxşı olardı ki, bu gün dünyanın hüquq institutları BMT qətnamələrinə məhəl qoymayan bu ölkə haqqında ölçü götürsünlər. Azərbaycanın haqq mübarizəsinin yanında yer alsınlar. Bu gün Ermənistanın Azərbaycanın təşəbbüskarı olduğu bütün regional və beynəlxalq əhəmiyyətli layihələrdən kənarda qalmasının tək səbəbkarı Ermənistanın apardığı qeyri-konstruktiv siyasətdir. Bunu isə dünyanın mütərəqqi çevrələri yaxından izləməli və tədbir görməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...