31 saylı Suraxanı II seçki dairəsi dairəsində kurslar davam edir

31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. Kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirilir.

Dairə seçki komissiyasının sədri İlham Bayramov bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə 32 seçki məntəqəsi var. Bu məntəqələrdə 39 min 220 seçici qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) müvafiq təlimatlarına uyğun olaraq hazırlıq tədbirləri həyata keçirilir, məntəqələrdə bütün lazımi şərait yaradılıb.

MSK-nın katibi Mikayıl Rəhimov bildirib ki, aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ölkəmizdə çox əlamətdar ictimai-siyasi hadisədir. Seçkilərin tam demokratik şəraitdə və şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür. Bunun üçün hər cür imkan var və bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik.

Sonra seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri, Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili məsələləri kurs iştirakçılarının diqqətinə çatdırılıb.

Kurslarda seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələr barədə ətraflı məlumatlar verilir, iştirakçıların sualları cavablandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə