İmzatoplama kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını uğurla həyata keçirir

Məlum olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədlər üçün bir neçə gündür imzatoplama kampaniyasına başlanılıb. Qanunvericiliyə uyğun olaraq hər namizəd üçün 50 mindən artıq seçicinin imzası toplanmalıdır. Bu səbəbdən digər partiyalar kimi ölkənin monolit partiyası olan Yeni Azərbaycan Partiyası da 50 min imza toplamalıdır.

Masallı rayonu

Seçki qanunvericiliyinə əsasən, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı partiyanın prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin seçkilərdə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına yekun vurub. Belə ki, seçki prosesinin yüksək səviyyədə və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə YAP Masallı rayon təşkilatında 19 nəfərdən ibarət seçki qərargahı yaradılıb. Təşkilat imzatoplama kampaniyasını uğurla həyata keçirərək Masallı rayonunu əhatə edən 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 75 saylı Lənkəran-Masallı seçki dairələri üzrə 1150 seçici imzası toplayıb.

Füzuli rayonu

Respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq yüksək səviyyədədir. YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova bildirib ki, seçkilərə hazırlıq çərçivəsində imzatoplama kampaniyasına ciddi şəkildə hazırlaşmışıq. YAP Mərkəzi Seçki Qərargahının Füzuli rayon şöbəsi və partiyanın rayon təşkilatı rayon sakinləri ilə görüşərək imzatoplama kampaniyasını Seçki Məcəlləsinə uyğun şəkildə, yüksək əhval-ruhiyyədə aparıblar.

Təşkilat sədri qeyd etdi ki, seçici imzalarının toplanması haqqında Təlimatın 2.3 bəndinə əsasən, YAP Füzuli rayon təşkilatının seçici imzaları toplayacaq fəalları tədris müəssisələri və yaşayış yerlərində olublar. Bizim seçicilərimizin kütləvi halda yaşadığı 84 saylı dairə seçki komissiyasını əhatə edən ərazilərdə seçicilərlə görüşüblər. Rayon təşkilatının ən fəal üzvləri üzərlərinə düşən bu ciddi vəzifəni yüksək səviyyədə yerinə yetiriblər. Biz imza toplayan fəallarımıza və seçicilərimizə güvənərək bu mərhələnin uğurla həyata keçirilməsinə nail olmuşuq. Artıq 12 nəfərdən ibarət imzatoplayan partiya fəallarımız 600 imzanı toplayıb və onların dəqiqləşdirilməsi prosesi davam edir.

Almaz Həşimova bir məqamı da xüsusi vurğuladı ki, Azərbaycan demokratiya yolunda inamla irəliləyən ölkədir. Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi seçkilərin şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün işlər görülür və uğurlu nəticələr göz qabağındadır.

Seçicilərin seçki hüquqlarından sərbəst istifadə edərək istədikləri namizədin imzatoplama kampaniyasında fəallıq nümayiş etdirmələri qürurverici haldır. Bu, bir daha onu təsdiqləyir ki, növbəti mərəhələlər də uğurla başa çatacaq, səsvermə prosesi yüksək fəallıq şəraitində keçiriləcək. Əminik ki, 11 aprel prezident seçkiləri bir daha Azərbaycanın demokratik dəyərlərə sadiqliyini dünyaya nümayiş etdirəcək.

Beyləqan rayonu

YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Beyləqan rayonunda da 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq yüksək səviyyədədir. Bu, özünü rayonda YAP-ın namizədinin imzatoplama kampaniyasının qısa müddətdə və qüsursuz yekunlaşmasında bir daha göstərdi. Biz seçkilərə hazırlıq çərçivəsində imzatoplama kampaniyasına ciddi şəkildə hazırlaşmışdıq. Məhz ona görə də 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan dairə seçki komissiyaları üzrə YAP-ın namizədi cənab İlham Əliyevin imzatoplama kampaniyasını yüksək əhval-rühiyyədə başa çatdırdıq. Beyləqanda partiyamızın namizədinin xeyrinə 600 imza toplanıb və hazırda onların dəqiqləşdirilməsi prosesi davam edir.

Təşkilat sədri qeyd etdi ki, seçici imzalarının toplanması haqqında Təlimatın 2.3 bəndinə əsasən, YAP Beyləqan rayon təşkilatının seçici imzaları toplayacaq fəalları tədris müəssisələri və yaşayış yerlərində olublar. İmzatoplama prosesi tam şəffaf və demokratik mühitdə aparılıb. Rəfael Pəsiyev bildirdi ki, insanlar imzalarını YAP-ın namizədinə böyük həvəslə, qürür hissi ilə verirdilər. Çünki onlar yaxşı dərk edirlər ki, Azərbaycan demokratiya yolunda inamla irəliləyən ölkədir. Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi seçkilərin şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün işlər görülür və uğurlu nəticələr göz qabağındadır. Seçicilərin seçki hüquqlarından sərbəst istifadə edərək istədikləri namizədin imzatoplama kampaniyasında fəallıq nümayiş etdirmələri qürurverici haldır. Bu, bir daha onu təsdiqləyir ki, növbəti mərəhələlər də uğurla başa çatacaq, seçki prosesində sonuncu mərhələ olan səsvermə yüksək fəallıq şəraitində keçiriləcək. Əminik ki, 11 aprel prezident seçkiləri bir daha Azərbaycanın demokratik dəyərlərə sadiqliyini dünyaya nümayiş etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə