Qusarda imzatoplama kampaniyası yüksək fəallıqla təşkil olunub

Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Qusar rayon şöbəsi 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq hazırlıq tədbirlərini davam etdirir. Qusar rayon şöbəsinin keçirilən iclasında 17 nəfərdən ibarət seçki qərargahı yaradılıb.

Seçkilərdə Qusar rayonu üzrə 51 saylı Qusar seçki dairəsindən 62 məntəqədə 45300 nəfər, 53 saylı Quba-Qusar seçki dairəsində 15 məntəqədə isə 7396 nəfər səs verəcəkdir. Rayonda Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin seçkilərdə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına başlanılıb.

Kampaniyadan əvvəl imza toplayan fəallara treninq keçirilib, müvafiq təlimat və tapşırıqlar verilib. İmzatoplama kampaniyası mütəşəkkil və yüksək fəallıqla təşkil olunub. Seçici imzalarını toplamaq üçün rayon şöbəsindən 12 nəfər fəal ayrılmışdır və rayon üzrə 600 seçici imzası toplamaq nəzərdə tutulub.

Seçkilərə hazırlıq prosesi fəaliyyət proqramına uyğun olaraq davam etdirilir.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə