Sabunçuda imzatoplama uğurla başa çatıb

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsi hazırlıq işlərinə start verərək, fəaliyyətini uğurla davam etdirir. Belə ki, seçki prosesinin yüksək səviyyədə və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə YAP Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsinin 17 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. İmzatoplayan şəxslərlə treninq keçirilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış təlimatla iclas iştirakçılarını tanış edib.

YAP Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsi tərəfindən fevralın 16-dan etibarən Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin seçkilərdə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına başlanılıb. Rayon şöbəsi tərəfindən başlanan imzatoplama kampaniyası uğurla həyata keçirilib və fevralın 17-də imzatoplamaya yekun vurulub. Kampaniyada iştirak edən YAP fəalları və seçicilər yüksək fəallıq nümayiş etdiriblər.

Qeyd edək ki, Sabunçu rayonunda 3 seçki dairəsi və 112 seçki məntəqəsi fəaliyyət göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə