Şəmkir rayonunda imzatoplama kampaniyasında yüksək fəallıq müşahidə edilib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin müdafiəsi üçün Şəmkir rayonunda imzatoplama kampaniyasına başlanılıb. SİA-nın verdiyi məlumata görə, kampaniyadan öncə imzatoplayan fəallara treninq keçirilib.

İmzatoplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib. Fevralın 17-də isə Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının fəalları rayonda yerləşən 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələri üzrə tələb olunan sayda imza toplayıblar. Yüksək aktivlik şəraitində baş tutan prosesdə Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının 23-dən artıq fəalı iştirak edib. Hər bir fəal 1 imza vərəqəsini doldurmaq üçün dairə hüdudları üzrə sakinlərlə görüşüb, eyni zamanda, rayon təşkilatının qərargahında da imza yığıblar. Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev imzatoplama kampaniyası ilə əlaqədar bildirib ki, seçicilər kütləvi şəkildə imzatoplama kampaniyasında iştirak ediblər.

Partiya fəalları tələb olunan sayda imzaların toplanması üçün səylər göstərir, ölkə əhalisinin seçkilərə böyük ruh yüksəkliyi ilə qatılmalarından, imzatoplamada fəal iştiraklarından məmnunluq hissi keçirdiklərini bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...