"Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, növbəti "Sənədsiz məktəbli qalmasın” aksiyası 102 nömrəli tam orta məktəbdə təşkil olunub.

Aksiya çərçivəsində şagirdlərə şəxsiyyət vəsiqələri verilib və müvafiq sənədlərin dəyişdirilməsi təmin edilib.

Aksiya dövlət xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması məqsədlərinə xidmət edir.

Həmçinin məktəblərdə şəxsiyyət vəsiqələrinin verilməsi şagirdlərin uçot sisteminin daha səmərəli təşkili və valideynlərin rahatlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Valideynlərin nəinki məktəbyaşlı övladlarına, eləcə də 5 yaşına qədər uşaqlarına şəxsiyyət vəsiqələri alması məktəbəhazırlıq qrupları və I sinfə qeydiyyat prosesini asanlaşdırır. Bu, ümumi təhsil müəssisələri üzrə şagird kontingenti proqnozunun düzgün müəyyənləşdirilməsi, məktəblilər haqqında statistik hesabatların dəqiq göstəricilərinin formalaşması, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsi imkanlarını daha da artırır.

Qeyd edək ki, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiya şagirdlərin təhsil aldıqları məktəbdə müvafiq xidmətlərdən yararlanması imkanlarını artırır.

Onu da qeyd edək ki, hər bir şagirdin şəxsiyyət vəsiqəsi əsasında elektron bazaya daxil edilməsi Ümumi Təhsilin İnformasiya Sistemini (ÜTİS) təkmilləşdirməklə yanaşı, şagird yerdəyişməsi və digər müvafiq hallarda qarşıya çıxan sualların da aradan qaldırılmasına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə